YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli qürur mənbəyi

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Ümummilli Liderimizin gənclərimizlə əlaqədar çox sayda fikirləri, tövsiyyələri, çağırışları var. Hamısı da dərin mızmunlu, məna çaları geniş və ölkəmizin, millətimizin gələcək hədəfləri ilə üzvü surətdə bağlı olan fikirlərdir. “Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Azərbaycan gənci, rəhbərinin vəsiyyətini unutmadı, çalışdı, vuruşdu, ölümə getdi, həyatını fəda etdi və ən nəhayət qarşısında qoyulmuş ən ümdə vəzifəni – vətəninin, ölkəsinin namusunu qorumaq, yağı zülmü altında inləyən vətən torpaqlarını azad etmək tapşırığını - icra etdi. Amma bununla bitmədi. Azərbaycan gəncinin qarşısında duran daimi bir vəzifə də var. O da ölkəsinin adını, bayrağını həmişə uca tutmaq, bütün sahələrdə estafeti layiqli şəkildə davam etdirmək, vətəni dünyanın ən inkişaf etmiş, ən nüfuzlu ölkələri sırasına qaldırmaqdır.

Prezidentin Yanvarın 9-da ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışının leytmotivi də məhz buna həsr olunmuşdu. Rəhbərimiz hər bir çıxışını mütləq şəkildə ölkədə görülmüş işlər, əldə edilmiş nailiyyətlər, habelə qarşıda duran vəzifə və hədəflərlə orqanik sintez edir ki, bu da təsadüfi deyil. Zira ölkəmizin hər bir uğuru mütləq şəkildə bir-biri ilə üzvi bağlılığı olan proseslərin nəticəsi olaraq təzahür edir. Əgər ölkənin iqtisadi inkişafı olmazsa, hərbi qüdrətindən, mədəni inkişafından, sosial rifahından, diplomatik nailiyyətlərdən və s. danışmaq mənasız olar. Eyni fikirləri idmanla, idmançılarımızın beynəlxalq səviyyədə uğurları ilə əlaqədar da söyləmək olar.
Prezident, “ötən il qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu” deyirsə, həyatımızın tərkib hissəsi olan idman da təbii ki, buraya daxildir. İdmançılarımızın qələbələri, həmçinin vətəniumizin çeşidli idman yarışlarına ev sahibliyi etməsi bunun sübutudur. Ölkəmiz artıq təkcə neft-qaz, enerji daşıyıcıları ölkəsi kimi deyil, həm də idman ölkəsi, istedadlar ölkəsi, mübarizlər ölkəsi kimi də tanınır. Coğrafi cəhətdən o qədər də böyük olmayan bir ölkənin idmançılarının beynəlxalq yarışlarda 300-ə yaxını qızıl olmaqla, 800-dən çox medal qazanması əlbəttə ki, böyük nailiyyətdir. Prezidentin qeyd etdiyi kimi, “dünyada idman sahəsində rəqabətin artdığı, yeni idman ölkələri meydana çıxdığı bir şəraitdə belə yüksək nəticələrin əldə edilməsi asan məsələ deyil”.

Müxtəlif beynəlxalq idman tədbirlərinin paytaxtımızda keçirilməsi artıq o qədər adiləşib ki, heç birimizi təəccübləndirmir. Hamımız buna normal bir hal kimi alışmışıq. “Bakı- 2015” Avropa Oyunları da, İslam Həmrəyliyi Oyunları da, bu oyunlarda əldə etdiyimiz qələbələr də xatirələrimizdən silinməyib. Türkiyədə, Konya şəhərində keçirilmiş növbəti İslamiadada idmançılarımızın 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görülmələri o qələbələrin təsadüf amili və ya doğma divarlar faktoru olmadığını, ölkəmizdə idmanın inkişafının ardıcıl, sistemli bir prosesin nəticəsi olduğunu təsdiqlədi. Prezidentin çox doğru olaraq qeyd etdiyi kimi, hər il nəsillər dəyişdiyi halda, uğurların, nailiyyətlərin sabit qalması və artması, işin sistemili qurulduğunu, estafetin harmonik və məqsədyönlü təşkilini ifadə edir. Bu tendensiyanın təkcə paytaxt və iri şəhərlərlə məhdudlaşmaması, prosesdə bölgələrimizin də xüsusi payının artması sevindirici amil olmaqla, rəqabət mühitinin getdikcə daha da sərtləşməsinə, nəticə olaraq isə beynəlxalq arenaya həm kəmiyyət, həm də keyfiyyətcə daha təcrübəli və peşəkar idmançılar axınına zəmin yaradır. Ölkə üzrə yarışların intensivliyinin artması bölgələrdə idman həyatının canlanmasını təmin etməklə, heç şübhəsiz ki, ilk növbədə sağlam və vətənpərvər gəncliyin də formalaşmasını təmin edir. Ümummilli Liderimizin təbiri ilə desək, “dünyada elə bir sahə yoxdur ki, idman qədər vətənpərvərlik ruhunu artırsın, idman qədər ölkəni tanıtdırsın”. Qalib gəlmiş bir idmançının həyatında ən unudulmaz an, ölkəsinin bayrağının göndərə çəkilməsi, himninin səslənməsidir. Və bu hiss, təkcə o idmançının yox, bu mənzərəni izləyən minlərlə, milyonlarla həmvətənin də keçirdiyi hisslərdir. Bu isə idmana əlbəttə ki, ilk növbədə dövlət dəstəyi, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə nəticə verir. Cəmi 31 yaşı olan elə bir ölkə yoxdur ki, bu ölkədə qısa zaman kəsiyində 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılsın, paytaxtında ən mötəbər idman yarışlarını qəbul etmək üçün demək olar ki, bütün mövcud idman növləri üzrə arenalar inşa edilsin. Təbiidir ki, bunların müqabilində ölkə rəhbərinin bütün əlaqədar qurumlar - idman ictimaiyyəti, nazirlik, Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri qarşısında qoyduğu vəzifələr, hədəflər də böyük olmalıdır. Prezidentin ölkəmizdə həm dünya, həm Avropa çempionatlarının, Olimpiya Oyunlarının təsnifat turnirlərinin keçirilməsi ilə əlaqədar qoyduğu tələblər tamamilə real, mövcud imkan və potensialımıza adekvat olan tələblərdir.

Azad edilmiş ərazilərimizin inteqrasiyasında idmanın birincilər sırasında olması da, orada beynəlxalq idman yarışlarının – şahmat, avarçəkmə, triatlon üzrə yarışların keçirilməsi də, azad edilmiş şəhərlərdə idman qurğularının yaradılmasının nəzərdə tutulması da ilk növbədə canlanmaya, həyatın, insanların qayıdışına işarədir, quruculuq-bərpa işlərinin bu sahədən yan keçmədiyinin rəmzidir.

Tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir və unutmamalıyıq ki, bu zəfərlərə yolumuz həm də idman meydançalarından keçir.

DİGƏR Xəbərlər Arxiv