YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Azərbaycan kommunikasiyaların bərpasında qətiyyətli mövqe sərgiləyir

“Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində bir çox aktual məsələlərə toxunaraq ölkəmizin mövqeyini aydın ifadə etdi. Verdiyi vacib mesajlarla Ermənistana və bu ölkəyə havadarlıq edənlərə ciddi xəbərdarlıq etdi. Dövlət başçımız müsahibədə əminliklə bildirdi ki, ölkəmizin mövqeyi dəyişməzdir. İlk növbədə, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməli, Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalıdır: “Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır. Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar.” Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycan region ölkələri ilə işgüzar əlaqələrin genişləndirilməsində, kommunikasiyaların bərpasında qətiyyətli mövqe sərgiləyir. Zəngəzur dəhlizinin açılması məsələsi də prioritetdir. Layihəyə qarşı sərt mövqe sərgiləyən bir çox qüvvələrə rəğmən Azərbaycan Zəngəzur dəhlizini gerçəkləşdirəcək. Bu dəhliz dövrünün ən vacib kommunikasiya xətlərindən biri  olacaq.

Deputat diqqətə çatdırıb ki, ölkə başçısı müsahibəsində Xankəndi və ətrafında yaşayan ermənilərə və onların üzərindən manipulyasiya etməyə çalışan qüvvələrə də  xəbərdarlıq mesajını çatdırdı: ”Mən demişəm, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq. Bu günlərdə baş verən hadisə, - o bir nəfərin oraya qaytarılması, özü də əlidolu qaytarılması, ona iki blok siqaret də verdilər, çünki siqaret xahiş etməyə gəlmişdi, - onu göstərir ki, biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar. Bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar. Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır.”

Daha sonra deputat qeyd edib ki, ermənilər və onların havadarları aydın şəkildə başa düşməlidirlər ki, Xankəndinin Azərbaycandan kənar taleyi mövcud olmayıb. Bundan sonra da olmayacaq. Dövlət başçımız həmçinin, Qərbi Azərbaycan məsələsinin xalqımız üçün böyük əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Qərbi Azərbaycanla bağlı işçi qrup formalaşdırılıb. Beynəlxalq müstəvidə də bu mövunu aktuallaşdırmaq üçün əlimizdən gələni etməliyik ki, vətəndaşlarımız Qərbi Azərbaycana, doğma yurd-yuvalarına geri dönsünlər.