YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev son müsahibəsi ilə Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırdı

“Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox mühüm məsələlərə toxundu. Dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti, həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi: “Ölkəmizin bu mövqeyi dəyişməzdir. İlk növbədə, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməli, Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, vaxtında sülh müqaviləsinə hazırlıq işləri görməlidir. Digər tərəfdən, Ermənistanın Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində təbii sərvətlərimizi qanunsuz istismar etməsi, ekoloji terror törətməsi yolverilməzdir.  Azərbaycanın bu ərazilərdə baş verən proseslərə öz mövqeyini ortaya qoyur. Laçın yolunda ekoloqların dinc etiraz aksiyası da bunu təsdiqləyir. Eyni zamanda, Ermənistan vaxtaşırı olaraq hərbi təxribatlar törədir. Ermənistan anlamalıdır ki, bütün təxribatların qarşısı qalib Azərbaycan Ordusu tərəfindən alınacaq və onun bu siyasəti özü üçün çox ağır nəticələr verəcək”.

“Başqa bir mühüm məsələ Azərbaycanın regionda kommunikasiyaların bərpası ilə əlaqədar mühüm təşəbbüslər irəli sürməsi və qətiyyətli mövqe sərgiləməsidir. Xüsusilə də, Zəngəzur koridorunun açılması məsələsi bu kontekstdə mühüm yer tutur. Bu, regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyətlidir”, - deyə deputat əlavə edib.

S.Fətəliyeva onu da qeyd edib ki, Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir: “Bu, eyni zamanda, anti-Azərbaycan dairələrin əks-təbliğatının darmadağın edilməsi üçün də böyük əhəmiyyət daşıyır”.

DİGƏR Xəbərlər Arxiv