YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad edilmiş ərazilərimizə həyat tam dolğunluğu ilə qayıdır

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Bu gün ölkəmizin beynəlxalq mövqelərinin bütün sahələrdə getdikcə daha da möhkəmləndiyini bütün dünya müşahidə etməkdədir. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi praqmatik, düşünülmüş daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan özünü dünyada güclü idman dövləti, beynəlxalq idman mərkəzlərindən biri kimi təsdiqləyib. Həmçinin qeyd olunmalıdır ki, bu tendensiya hazırda bütün digər sahələrdə də öz təzahürlərini aşkar şəkildə tapır. Azərbaycanın istər Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində, istərsə də mühüm beynəlxalq nəqliyyat və logistik layihələrdə getdikcə artan rolu bütövlükdə ölkəmizin dünya arenasında mövqeyini ildən-ilə möhkəmləndirir. Bütün bu uğurların əsasında duran ən mühüm amillərdən biri əlbəttə ki, xalqımızın və şanlı ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdir. Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu tədbirdə etdiyi çıxışında dediyi kimi, artıq iki ildən çoxdur ki, xalqımız qalib xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq.

Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində ölkənin 30 il ərzində işğal altında olan ərazilərinin azad edilməsi faktının xalqa aşıladığı indiyədək görünməmiş ruh yüksəkliyi bütün sahələrdə möhtəşəm uğur və nailiyyətlərin əldə olunmasını şərtləndirdi. Müharibədən sonra keçən iki il ərzində Azərbaycan özünün beynəlxalq mövqelərini daha da möhkəmləndirib, ölkəmizin irimiqyaslı transmilli enerji və nəqliyyat layihələrində iştirakının önəmi əhəmiyyətli dərəcədə artıb. Öz çıxışında bütün bu məqamlar barədə ətraflı açıqlama verən dövlət başçımız birmənalı olaraq vurğuladı ki, ötən il ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki 2022-ci ilin əvvəlində qarşıya qoylan bütün vəzifələr il ərzində yüksək effektivliklə icra edildi, Azərbaycanın dinamik inkişafı bütün sahələrdə təmin olundu. Əlbəttə ki, bu inkişaf idman sahəsindən də yan keçməyib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, idmançılarımızın əldə etdikləri qələbələr, eləcə də ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha aparıcı idman ölkələrindən biri kimi təsdiqləmiş oldu.

Bu gün Azərbaycanda idmanın inkişafına birbaşa Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən davamlı olaraq xüsusi diqqət və qayğı göstərilir. Məhz bu münasibətin nəticəsidir ki, biz bu inkişafın davamlı və ardıcıl xarakter daşıdığını görürük. Ölkəmizdə idmanın inkişafının hər zaman dövlətimizin xüsusi diqqət mərkəzində saxlanması, bu sahəyə davamlı olaraq böyük qayğı göstərilməsi bunu deməyə əsas verir ki, Azərbaycanda yetişən gənc idmançılar ölkəmizin idman şöhrətini bundan sonra da yüksəklərdə saxlayacaqlar. O cünlədən son vaxtlar respublikanın bütün regionlarında da bu sahənin inkişaf etdirilməsi məqsədilə keçirilən çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradır. Həmçinin diqqətəlayiq haldır ki, bu gün işğaldan azad edilmiş ərazilər də getdikcə daha yüksək fəallıqla ölkənin idman həyatına cəlb olunmaqdadırlar. Əbəs yerə deyil ki, Prezident İlham Əliyev də öz çıxışında bu məqamın vacibliyini xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, 2022-ci ildə azad edilmiş ərazilərdə artıq bir neçə beynəlxalq yarış yüksək səviyyədə keçirilib. O cümlədən Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Həmçinin Prezident İlham Əliyev diqqətə çatdırdı ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması planlaşdırılıb. Həmin şəhərlərin artıq təsdiq olunmuş Baş planları əsasında aparılacaq bərpa-quruculuq işlərinin önəmli bir hissəsi də məhz yeni idman obyektlərinin yaradılmasını nəzərdə tutur. Bütün bunlar bir daha sübut edir ki, azad edilmiş ərazilərimizə bu gün həyat tam dolğunluğu və rəngarəngliyi ilə qayıdır.