YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Son illərdə hər ötən il idman sahəsində ölkəmiz və idmançılar üçün uğurlu olur. 2022-ci ildə də idmançılarımız qarşılarına qoyulmuş məqsədə çatmış, 300 dəfəyə yaxın ölkəmizin himninin dünyanın ayrı-ayrı arenalarında səsləndirilməsinə nail olmuşlar. Nəzərə almaq lazımdır ki, yeni idmançıların hazırlanması üçün məqsədyönlü iş aparılmalıdır. Bu işi isə ölkəmizdəki təcrübəli məşqiçilər korpusu uğurla icra edirlər. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradır. İdman hər yaşda insanların sağlamlığı ilə bərabər, onların harmonik inkişafına da şərait yaradır, şagirdlərdə doğma məktəbin, tələbələrdə ali təhsil ocaqlarının, ümumilikdə isə Vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətlər tərbiyə edir. Buna görə də, idmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir.

Müxtəlif idman sahələrində böyük nailiyyətlər qazanmış idmançılarımızın uğurları bütün gənc idmançılar üçün bir örnəkdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları hər zaman deyir ki, bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləməyi bacarırlar. Təbii ki, xüsusi olaraq qeyd etməliyik ki, ölkə Prezidenti və dövlət tərəfindən idmana, idmançılara diqqət, qayğı, hörmət olan yerdə, nəticələr də olacaqdır. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Azərbaycanda, eləcə də, bəzi ölkələrdə idman prioritet sayılır. Elə bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə artıq bir neçə beynəlxalq səviyyəli idman yarışları keçirilmiş, bu ərazilərin ictimai həyata inteqrasiyası üçün dünyanın tanınmış idmançıları bərpa olunan ərazilərimizə aparılmışdır. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri idman sahəsindən də  yan keçməyib. Artıq bu ərazilərdə müasir idman komplekslərinin inşası istiqamətində işlər başlayıb. Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi hazırlanır. Yenidən qurulacaq bu stadionun yanında olimpiya idman kompleksi yaradılacaq. 2022-ci ildə Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. İşğaldan azad olunmuş digər kənd, rayon və şəhərlərimizdə də idman obyektlərinin yaradılması planlaşdırılır.

Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində çıxışı  zamanı demişdir: “Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.” Bu fikirlər ölkə başçısının idmana verdiyi dəyərin təsdiqidir. Ölkəmizdə idmanın inkişaf tempini müxtəlif kriteriyalarla təhlil etmək olar. Lakin bunun üçün əyani misal Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı çıxışlarının yüksəliş tempidir. Nəzərə almalıyıq ki, Olimpiya Oyunlarında davamlı olaraq nailiyyətləri yüksəltmək o qədər də asan deyildir. Çünki, bu möhtəşəm yarışlarda uğurlu çıxış etmək üçün dünyanın bütün ölkələri böyük səy göstərir, idmançılar öz karyeralarının ən ümdə xəyallarını məhz Olimpiya Oyunlarında hər hansı bir mükafat əldə etməklə bağlayırlar. Azərbaycan idmanı müstəqillik dövründə Olimpiya Hərəkatında özünü davamlı inkişafa qadir bir dövlət kimi nümayiş etdirmişdir. İdman sağlam həyat tərzi deməkdir. Əslində Olimpiya Oyunlarında əldə edilən qələbələr yeniyetmələri və gəncləri müxtəlif idman növlərinə, sağlam həyat tərzinə istiqamətlənməyə təşviq edir.