YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Küveytdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Azərbaycanın Küveytdəki səfirliyinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxt Əl-Küveyt şəhərindəki “Marina” hotelində bayram tədbiri keçirilib.

Türkiyənin Küveytdəki səfiri xanım Tuba Nur Sönməz və səfirlik əməkdaşları, Şimali Kipr Türk Respublikasının Küveytdəki səfiri Atınç Kəskin, bu ölkədə yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları, türkdilli ölkələrin vətəndaşları, Azərbaycan əsilli Küveyt vətəndaşları, həmçinin ölkə ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş nitqi ilə açan ölkəmizin səfiri Emil Kərimov 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin dünya azərbaycanlılarının birliyi ideyasını irəli sürdüyünü, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasını təklif etdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2006-cı ildə Dünya Azərbaycanlılarının ikinci, 2011-ci ildə üçüncü, 2016-cı ildə dördüncü qurultayları təşkil olunub. Sonuncu bu cür mötəbər tədbir – Zəfər Qurultayı isə 2022-ci ilin aprelin 22-də Şuşa şəhərində keçirilib.

Diplomat qeyd edib ki, bu tarixi gün xarici ölkələrdə yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edilir.

Səfir, həmçinin tədbir iştirakçılarına xalqımızın möhkəm həmrəyliyi və sarsılmaz qətiyyəti sayəsində qazandığı böyük nailiyyətlər, 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimizin misilsiz cəsarəti haqqında ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Türkiyənin Küveytdəki səfiri xanım Tuba Nur Sönməz bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, qardaş ölkənin sevincli və kədərli günlərdə Azərbaycanın yanında olduğunu qeyd edib. Türk diplomat vurğulayıb ki, məhz Azərbaycan xalqının həmrəyliyi və birliyi sayəsində 44 günlük Vətən müharibəsində qardaş ölkənin əsgərləri misilsiz qəhrəmanlıq dastanı yazdılar. Şəhidləri rəhmətlə anan, qazilərə şəfa diləyən səfir, həmçinin ölkələrimizin rəhbərləri arasında sıx qardaşlıq münasibətlərinin olmasından söhbət açaraq, gələcəkdə bir çox sahələrdə münasibətlərimizin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

Şimali Kipr Türk Respublikasının Küveytdəki səfiri Atınç Kəskin çıxışında üç dövlət, bir millət kimi bu bayramı qeyd etməkdən qürur duyduğunu dilə gətirərək, əlamətdar gün münasibətilə bütün azərbaycanlıları təbrik edib.

Tədbir Azərbaycan və türk milli rəqsləri, azərbaycanlı və türk sənətçilərin musiqilərinin sədası altında bədii hissə ilə davam edib.