YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: 2022-ci il tarixə Dünya Azərbaycanlılarının Zəfər Qurultayını yazdı

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Biz azərbaycançılığı-Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik” fikirləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının fəaliyyətinin əsasına, həyat amalına çevrildi. Ümummilli Lider hamımızın bir Vətəni olduğunu önə çəkərək Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə, beynəlxalq aləmdə təqdimatına öz töhfələrimizi verməyə çağırdı. Vahid amal-azərbaycançılıq ideyası ətrafında sıx birliyimiz müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasında öz sözünü dedi. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Həmrəylik Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik Gününü, eyni zamanda,  milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Azərbaycançılıq, ölkəmizdə sülh, əmin-amanlıq, dostluq şəraitində yaşayan millətlərin, xalqların əməkdaşlığı, milli birlik Azərbaycanın hədəflərə doğru inamla irəliləməsində mühüm rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsi bunun bir daha təqdimatı oldu”. Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Ə.Salahzadənin sözlərinə görə, Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.

Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu: “Qurultaydakı çıxışında Ümummilli Lider Azərbaycan diasporunun qarşısında dayanan vəzifələri açıqlayaraq növbəti dövr üçün fəaliyyətlərinin yol xəritəsini təqdim etdi. Əsas hədəf erməni yalanlarının ifşa edilməsi, hazırda tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyətinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması idi. Dövlət başçısı İlham Əliyevin son 19 ildə imzaladığı Sərəncamlar əsasında keçirilən Dünya Azərbaycanlılarının II, III, IV, böyük qürurla bəhs etdiyimiz V qurultay ötən dövrlərdə Azərbaycanın qazandığı uğurların beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev qurultaylardakı çıxışlarında güclü, qüdrətli Azərbaycanın bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunu bildirdi. Zəfər Qurultayı tamamilə fərqli ab-havada qeyd edildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirən məkan paytaxt Bakı deyil, Azərbaycanın döyünən ürəyi, türk dünyasının mədəniyyət paytaxtı Şuşa oldu. Dövlət başçısı İlham Əliyev  65 ölkədən 400-dən çox diaspor nümayəndəsinin və qonağın qatıldığı Zəfər Qurultayındakı çıxışında bu fikirləri böyük qürur hissi ilə bildirdi: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır”.

“Azərbaycan tarixi Zəfərimizin yaratdığı reallıqların təqdimatı və qəbul etdirilməsi istiqamətində  mühüm uğurlar  qazanıb. Dünyanın əksər gücləri yeni reallıqları qəbul edərək bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılmasına, sülh müqaviləsinin imzalanmasına dəstək göstərməyə hazır olduqlarını bildirdilər. 2022-ci il Azərbaycanın sülh gündəliyinin, yeni əməkdaşlıq formatının müəllifi kimi mövqeyini möhkələndirdi. Ölkəmiz  Türk dünyasının birliyinə töhfələri ilə diqqətdə oldu. Bu il tariximizə “Şuşa İli” kimi yazıldı. Şuşanın, o cümlədən bütün işğaldan azad edilmiş ərazilərimizin dirçəlməsi üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə göstərdiyimiz birlik əsasında şanlı Zəfərə necə imza atdıqsa, soydaşlarımızın Böyük Qayıdışının tam şəkildə reallığa çevrilməsində də eyni həmrəyliyi nümayiş etdiririk”, - deyə Ə.Salahzadə deyib.