YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya azərbaycanlıları Həmrəylik Gününü çox böyük qürurla qeyd edirlər

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu günü dünyada yaşayan bütün azərbaycanlılar çox böyük qürurla qeyd edir, haqlı olaraq fəxr edirlər ki, qüdrətli, müstəqil Azərbaycanın vətəndaşlarıdırlar. Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlar, milli dəyərlər üzərində qurulmuş müstəqil siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və bu gün Azərbaycan heç zaman olmadığı qədər güclüdür. Dövlət başçımızın da söylədiyi kimi, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir.

Ümummilli Liderimiz Heydər Əliyev "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Heç kimə sirr deyil ki,dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər  Heydər Əliyev çox böyük səylər göstərmişdir. 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi elan edilmişdir. 2001-ci il mayın 23-də müstəqil dövlətimizlə əlaqələrin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirilmişdir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla isə Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III,  2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Əlbəttə ki, keçirilmiş qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyi baxımından olduqca mühüm tarixi əhəmiyyət kəsb edir.

Yuxarıda da qeyd edildiyi kimi, artıq dünya azərbaycanlıları 31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü  çox böyük qürurla, fəxrlə qeyd edirlər. Çünkü Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində artıq 2 ilidir ki, Azərbaycan xalqı tarixi torpaqlarına qovuşub. Erməni işğalı nəticəsində 30 ildir öz yurd yuvalarından didərgin düşmüş vətəndaşlarımız doğma ata – baba ocaqlarına qayıdıblar. Bu həm milli birliyimizin  təntənəsi,xalqımızın öz Liderinin  ətrafında sıx birləşməsinin göstəricisidir.

27 sentyabr 2020-ci ildə başlanmış Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımız olduqca fəal şəkildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdıraraq öz üzərlərinə düşən vətəndaşlıq borclarını yerinə yetirdilər və bununla da şanlı Zəfərimizə layiqli töhfə vermiş oldular. Vətən müharibəsi xalqımızın mübarizliyini, həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirdi.