YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Tokioda təntənəli şəkildə qeyd olunub

Azərbaycanın Yaponiyadakı səfirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və “Şuşa İli”nin yekunu təntənəli şəkildə qeyd edilib.

Azərbaycan səfirliyinin əməkdaşları və diaspor nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə qarşıdan gələn bayramlar münasibətilə iştirakçıları təbrik edib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların doğma Vətənimizin maraqları naminə həmrəyliyinə və birgə fəaliyyətinə xidmət edir. Bu gün həmin həmrəylik dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları doğma Vətənimiz ətrafında sıx birləşdirir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafını və qazandığı uğurları xüsusi vurğulayan səfir məhz bunun nəticəsində Azərbaycanın böyük nüfuz qazandığını bildirib. Qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatmış Vətən müharibəsi bu nüfuzu və hörməti daha da yüksəklərə qaldırıb. Həmin qələbə həm də müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın doğma Vətənimiz ətrafında daha sıx birləşməsinə səbəb olub. Həmin günlərdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların nümayiş etdirdiyi birliyin böyük qələbənin əldə edilməsində oynadığı rola toxunan diplomat ölkəmizə qarşı ermənilərin və onların havadarlarının apardıqları informasiya müharibəsində möhtəşəm uğur əldə edildiyini xatırladıb.

Yola salmaqda olduğumuz ildə Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini xatırladan səfir ötən dövrdə əməkdaşlığın daha da gücləndiyini, qarşılıqlı rəsmi səfərlərin sayının artdığını bildirib. Bir neçə gün bundan əvvəl iki ölkə arasında imzalanan turizm sahəsində memorandumun və ikiqat vergitutumanın ləğvi barədə konvensiyanın bunun bariz nümunəsi olduğunu qeyd edib.

G.İsmayılzadə Yaponiyada yaşayan soydaşlarımızı ölkəmizin milli maraqlarının qorunması və uğurlarımızın təbliği istiqamətində daha fəal iştirak etməyə çağırıb.

Tədbir azərbaycanlı rəqqasə Dilarə Qazıyeva və yapon rəqqas İgit Nozakinin ifasında Azərbaycan rəqsləri, tanınmış caz ustası Yamamoto Kyokonun ifa etdiyi “Ay Laçın” və “Banabana gəl” mahnıları ilə davam edib.

Sonda xatirə fotosu çəkdirilib, bayram süfrəsi açılıb.