YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsas hədəflərdən biri Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasıdır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə tariximizin ayrı-ayrı mərhələlərində başımıza gətirilən faciələrdən geniş bəhs edərək tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çağırış etdi: “Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik. 

Prezident İlham Əliyev xalqımızın təkcə XX əsrdə nə qədər böyük bəlalarla üzləşdiyini qeyd edərək bu məqamı da xüsusi vurğuladı ki,
ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu: “İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir.”

Son iki il ölkəmizin həyatında yeni dövrün başlanmasıdır. Öz tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa-quruculuq işləri geniş vüsət alıb. Bu ərazilərimiz müasir tələblər əsasında yenidən qurulur. Dünya xalqımızın nə qədər qurucu xalq olduğunu görür. 30 ildə işğal altında saxladıqları torpaqlarımızda bütün tikililəri yerlə-yeksan edən, daşı daş üstə qoymayan ermənilər bu ərazilərin hazırda necə cənnət məkana çevrildiyinin şahidi olurlar. Dünya 30 illik işğal dövründə bu torpaqlarda törədilən vəhşilikləri görsə də susmaqla növbəti təxribatların, vandalizmin törədilməsinə şərait yaratdı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Zəfər tarixini yazdı. 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan qalib ölkə kimi hazırda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına səylər göstərir, yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir.  Böyük Qayıdışın ilk addımı atıldı. “Ağıllı kənd” layihəsi çərçivəsində bərpa olunan Zəngilanın Ağalı kəndi sakinlərinə qovuşdu.

İndi əsas hədəf Qərbi Azərbaycana qayıtmaqdır. Prezident İlham Əliyev sözügedən görüşdə Qərbi Azərbaycan İcmasının qarşısında dayanan vəzifələri açıqladı. “On iki il bundan əvvəl binanın açılışında iştirak etmişəm. Onu da bildirməliyəm ki, bu bina mənim göstərişimlə inşa edilmişdir və ovaxtkı məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur, Qarabağdan olan məcburi köçkünlərin təşkilatı bu binada yerləşmişdi. İkinci dəfədir ki, buradayam və artıq bu binada Qərbi Azərbaycan İcması yerləşibdir. Bu gün biz bu binanın Qərbi Azərbaycan İcmasına verilməsini qeyd edirik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdi. Ən düzgün yer, qərargah məhz bu bina olmalıdır: “Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.” Belə bir əminlik ifadə edildi ki, bu mənzil-qərargah Qərbi Azərbaycanın tarixini və azərbaycanlıların üzləşdiyi ədalətsizlikləri və fəlakətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından mərkəz rolunu oynayacaq. Qərbi Azərbaycanda ermənilərin tarixi, dini və mədəni abidələri necə məhv etdiyini dünya ictimaiyyəti bilməlidir. Ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyimizi dünyaya çatdırmaqla Qərbi Azərbaycana qayıdışımızı təmin edəcəyik. Gündəlikdə dayanan əsas məsələ Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasıdır.