YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyev - Azərbaycanı zirvəyə yüksəldən Lider

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

2003-cü ildə xalqın böyük etimadı əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm”, - deyə inamla və qətiyyətlə söyləmişdi. Zaman xalqın Prezident İlham Əliyevə güvənini, dövlətimizin başçısının isə vədinə sadiqliyini təsdiqlədi.

Güclü və prinsipial

Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapdı. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirdi.

İnkişaf etmiş ölkələr üçün nümunə

Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Ona görə də dünyanın nüfuzlu araşdırma mərkəzləri və reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli olması və davamlı inkişaf etməsi ilə əlaqədar faktları əks etdirirlər.

Prezident İlham Əliyevin siyasətinin nəticələri aydın, proqnozları isə nikbindir.

Sabitlik adası, təhlükəsizlik məkanı

Dövlətimizin başçısının məqsədyönlü siyasəti sayəsində Azərbaycan sabitlik adasına çevrilib. Respublikada müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdirlər. Təbii ki, xalq-lider birliyi, dövlət başçısının siyasətinin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi sabitliklə yanaşı, milli həmrəyliyin də möhkəmlənməsini təmin edir. 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşərək milli birlik nümayiş etdirməsi isə bu baxımdan xüsusi vurğulanmalıdır.

İnkişafın milli modeli

Dünya iqtisadiyyatında geriləmə, tənəzzül və böhran müşahidə edilsə də, dayanıqlı iqtisadi sistem yaratmış Azərbaycan inkişafın milli modelini yaradıb. Eyni zamanda, nümunəvi sosial siyasət uğurla davam etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzindədir.

Regionun lideri dünyanın diqqət mərkəzində...

Beynəlxalq müstəvidə, olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü qlobal geosiyasətdə Azərbaycanın yerinin və rolunun möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı cənab İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun nəticəsidir. Azərbaycan regionda liderə, dünyada isə nüfuzlu dövlətə çevrilib.

Dövlətçilik tariximizin zirvə hadisəsi

Dövlətçilik tariximizin ən mühüm və zirvə hadisəsi isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Söhbət torpaqlarımızın işğaldan azad edilməsindən, Azərbaycanın ərazi bütövlüyünün bərpasından gedir. Bu, xalqımızın qürur mənbəyi, dövlətimizin isə gücünün göstəricisidir.

Möhtəşəm uğurlar, yeni perspektivlər

Tarixi Zəfərdən sonra yeni perspektivlər yaranıb. Milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi, işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması, beynəlxalq tərəfdaşlıq platformasının yaradılması və digər mühüm amillər Azərbaycana növbəti tarixi nailiyyətlər, möhtəşəm uğurlar vəd edir.

Dünya azərbaycanlılarının inam yeri, güvən mənbəyi

Bütün bu müsbət reallıqların nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə tam güvənir, onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır.

Sözünə sadiq Lider

Sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyev isə daha güclü Azərbaycan naminə vədlərini yerinə yetirir və yetirəcək. Dövlət başçısının vurğuladığı kimi: "Biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın".