YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni əsrin yeni Lideri

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycan xalqının bütün ictimai – siyasi, sosial-iqtisadi, maddi –mənəvi həyatı xalqımızın ümummilli lideri  Heydər Əliyevin adı ilə bağlıdır. Milli mənafeyi xalq mənafeyinə, xalq mənafeyini isə dövlət mənafeyinə çevirə bilən ulu öndər öz ölkəsinin tərəqqisini təmin etməklə bərabər, həm də öz ölkəsi üçün beynəlxalq nüfuz və etibar qazandı. Prezident kimi 10 illik fəaliyyəti dövründə Ulu öndər bir iqtisadi formasiyadan digərinə keçid alan Azərbaycan cəmiyyətini bütün təhlükələrdən xilas edərək, yeni iqtisadi modellə gələcəyimizi İlham Əliyev kimi gənc, peşəkar siyasi liderin rəhbərliyinə istiqamətləndirdi.

“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ulu Öndər Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi Prezident İlham Əliyevin 19 illik fəaliyyəti bütün bunların əməli olaraq reallaşdığını sübut etdi. Ümummilli liderin müəyyən etdiyi strategiyanın ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün çağırışlarına uyğun zənginləşdirən cənab  İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün tələblərinə çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan dövləti bu gün heç zaman olmadığı qədər güclü və qüdrətlidir.

Yeni əsrin yeni lideri olaraq cənab İlham Əliyev Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. O yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Prezident İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları ölkəmizin həyatına yeni nəfəs verməklə yanaşı, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır.

Hər bir azərbaycanlının Prezidenti olmaq, xalqa xidmət etmək Dövət başçımızın həyat fəlsəfəsidir. O, daima sadə insanların yanında olur, hətta həyatındakı əlamətdar, sevincli günlərini öz doğma xalqı ilə bölüşür. Ad günlərində adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərdə prezidentin şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla keçirdiyi görüşlər onlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitinin təşəbbüskarı olan Prezident İlham Əliyev bu əməkdaşlığın ümummilli məsələlərdə daha vacib olduğunu qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəalyyətidir,demakratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sistemini təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, mükəmməl xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Bu gün bütün bu uğurlu siyasətin nəticəsi olaraq regionda reallaşdırılan beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqların nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Prezident İlham Əliyevin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan bu gün bu sahədə əsas oyunçulardan birinə çevrilib. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı həyata keçirdiyi təşəbbüslər və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas alıb.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən ölkə başçımızın yürütdüyü siyasətin mahiyyəti iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi, təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinin gücləndirilməsinə xidmət edir.

Əlbəttə ki,əsrə bərabər 19 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan ən yeni tarixini yazan Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti sayəsində şanlı tariximizdə yeni səhifə açıldı. Bütün çıxışlarında “Qarabağ Azərbaycandır!”- deyən Prezident İlham Əliyev onu gerçəkliyə çevirməklə yanaşı qazanılan möhtəşəm qələbə ilə bütün dünyaya xalqımızın, dövlətimizin yenilməzliyini, qəhrəmanlığını, müzəffərliyini sübut etdi. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Ali Baş Komandan uğurlu “Dəmir yumuruq” əməliyyatı ilə bütün dünyaya həm də güclü lider, yenilməz sərkərdə olduğunu isbatladı.

“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı yerinə yetirdik” deyən güclü liderimizin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində Azərbaycanı qalib ölkə, xalqımızı müzəffər xalq olaraq dünyaya tanıtdı.

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Dövlət başçımız deyir ki, Qarabağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar. Bütün bunlar bizdə qürur yaradır.