YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Böyük Qayıdış” proqramı təkcə Qarabağı deyil, bütövlükdə bütün Azərbaycanı cənnətə çevirəcəkdir

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizdən sonra bu yerlərin xoşbəxt, firavan günləri başlamışdır.  Zülmdən, zülmətdən qurtulan cənnət Qarabağın öz gülüstanına qovuşmasına az qalıb, lap az. Dövlətimizin, Prezidentimizin apardığı düşünülmüş siyasət, sosial-iqtisadi proseslər bunu bir daha sübut edir. Hələ Şuşanı erməni işğalından azad edərkən möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: "Əziz Şuşa, sən azadsan. Biz səni dirçəldəcəyik". İndi bu sözlər bütün Qarabağ üçün keçərlidir. İşğaldan azad olunan ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr, bərpa-quruculuq işləri bundan xəbər verir. Həmin ərazilərdə genişmiqyaslı yenidənqurma prosesi gedir. Ermənilər tərəfindən 30 il ərzində dağıdılaraq xarabalığa çevrilən ərazilər yenidən bərpa edilib, dirçəldilir, bu yerlərə yeni həyat, yeni yaşayış gəlir, həyat tədricən öz axarına düşür.

Bir sözlə, dövlət olaraq, millət olaraq öz torpaqlarımıza sahibliyimizi sübut edir, qurub yaratmaq əzmi ilə bu torpaqlar yeni həyat bəxş edirik. əlbəttə ki, bu işləri nizamla, xüsusi proqramla yürütmək, yeni şəraitdə daha müəkəmməl layihələr həyata keçirmək daha düzgün siyasətidir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Ötən il bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün 2021-ci il dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdır. Bu il isə, 2022-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına ayrılan vəsait 470 milyon artırılaraq 2 milyard 670 milyon manata çatdırılmışdır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin təmin olunması məqsədilə Qarabağ Dirçəliş Fondu da təsis olunmuşdur.

Böyük Qayıdışın ilk addımları isə Zəngilan rayonunun Ağalı kəndində atıldı. Ağalı ağ günlərinə qovuşdu. Artıq rayonda 200 ev tikilərək istifadəyə verilib. 200 evdə işıq yanır, 200 evin sabaha işıqlı ümidləri, arzuları var. Yaxın gələcəkdə isə daha 150 evin inşasına başlanılacaq. Artıq, burada məşğulluq idarəsi, məktəb, bağça, tibb məntəqəsi, "Asan xidmət", "Dost Mərkəzi", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.

Proqramın yerinə yetirilməsi üçün ilk növbədə nəqliyyat-kommunikasiya xətlərinin inşası başlıca şərtlərdən biridir. Bu proses demək olar ki, elə Qələbənin ilk günündən başlamış, bu gün də sürətlə davam etdirilir. AZ bir müddət işərisində Şuşaya deən “Zəfər yolu”nun tikintisi, Füzuli və Zəngilan hava limanlarının istifadəyə verilməsi prosesin uğurundan xəbər verir. Avtomobil yollarının çoxu dördzolaqlı və altızolaqlıdır. Dünyada ən uzun tunellər məhz Qarabağ iqtisadi rayonunda tikilir. Hazırda 10 tunelin tikintisi davam edir. 

İşğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan ən vacib layihələrdən biri də bu yerlərin elektrik enerjisi ilə təchiz edilməsi idi. Hələlik 13 enerji obyekti tikilib və bərpa olunub. Prezident İlham Əliyevin iştirakı ilə Laçındakı "Güləbird" SES, "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışları olub. "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasında işlər tamamlanıb. 110/35/10 kilovoltluq 9 rəqəmsal yarımstansiya tikilib. Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı tam rəqəmsallaşdırılıb.

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır ki bu da iadretmənin çevikliyini və hsabatlılığını təmin etməyə imkan verir. Bərpa-quruculuq istiqamətində bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.

Təəssüf ki erməni vəhşiliyinin qurbanı olan ərazilərin ekoloji vəziyyəti ürəkaçan deyildir. İşğalçılar 30 il ərzində daşı daş üstə qoymamaqla bərabər təbiətə qənim kəsilmiş, ekoloji mühitə, fauna və floraya ciddi ziyan vurulmuşdur. Ərzinin başdan-başa minalanması prosesin gedişinə xeyli təsir göstərir və ciddi çətinliklər yaradır. Bunu müharibədən sonra 270 nəfərin minaya düşərək həlak olması, ağır xəsarət alması, əmək qabiliyyətlərini itirməsi də sübut edir. Lakin bütün bu çətinliklərə baxmayarq, Azərbaycan xalqı  və dövləti bu torpaqlara yeni həyat bəxş etməkdədir.  Dövlət Proqramının prioritet istiqamətlərindən biri də ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir. Minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq, münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, həmçinin onların daşınması və zərərsizləşdirilməsdir.

İşğaldan azad olunmuş ərazilərdə yerləşən rayonlarının iqtisadi ixtisaslaşdırılmasının aparılması gələcəkdə bu ərazidə iqtisadiyyatın bərpası və inkişafı istiqamətlərini müəyyən edir. Belə ki, ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, “Qarabağ Azərbaycandır” ifadəsini milli mübarizəmizin rəmzinə çevirən cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “Böyük Qayıdış” proqramı ölkəmizin dayanıqlı tərəqqisinin təmin olunduğundan xəbər verir. Bu tərəqqi təkcə Qarabağın deyil, bütövlükdə bütün Azərbaycanın cənnətə çevrilməsi deməkdir.