YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tarixin zəfər yolu” və “Qax şəhidləri” kitablarının təqdimat mərasimi keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında müəllifləri Subut Mehdiyev və Səhər Manafova olan “Tarixin zəfər yolu” və “Qax şəhidləri” kitablarının təqdimat mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müəlliflər qeyd ediblər ki, kitablarda Qələbənin tarixi əhəmiyyəti, dövlətimizin və xalqımızın taleyində oynadığı tarixi roldan ətraflı söz açılıb, torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları öz əksini tapıb.

Qeyd edək ki, Səhər Manafovanın qardaşı Manafov Şıxəli Manaf oğlu da Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlib.

Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Məmmədovun anası Lalə Məmmədova çıxışında Prezident İlham Əliyevin əzmkarlığı, iradəsi və dəmir yumruğu sayəsində 30 illik həsrətə son qoyulduğunu, torpaqlarımız yenidən əsl sahiblərinə qayıtdığını deyib.

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Mahir Abbaszadə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin sədri Mehdi Mehdiyev 44 günlük Vətən müharibəsində Qələbənin qazanılmasında şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlıqlarından danışıblar. İkinci Qarabağ savaşında Laçın rayonundan olan Babək Aslanovun rəhbərliyi ilə 30 nəfərlik kəşfiyyat taborunun döyüşlərdə göstərdiyi şücaətdən xüsusi bəhs olunub. Qeyd edilib ki, Vətən müharibəsinə və şəhidlərə həsr olunan kitabların ərsəyə gəlməsi bizim üçün canlı tarixdir.

Sonda “Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində “Qalib Azərbaycan” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri fəxri diplomlarla təltif olunub.