YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmamasını yüksək qiymətləndiririk

Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur ərazisi 28 ildən artıq Ermənistanın işğalı altında idi. Azərbaycan uzun illər ərzində beynəlxalq vasitəçilərin köməyilə münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar məhəl qoymaması, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan tərəfindən işğala son qoymaq üçün beynəlxalq vasitəçilərin yarıtmaz fəaliyyəti Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini faktiki olaraq dayandırdı.

Bunu Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyanın həmsədri Samir Şərifov Zəngilan Beynəlxalq Hava Limanında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlara dair brifinqdə deyib.

Nazir qeyd edib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək, onu təslim aktını imzalamağa məcbur edib. Şanlı Qələbə canlarını fəda etmiş şəhidlərin qəhrəmanlığı və şücaəti sayəsində əldə edilib. Azərbaycan öz qanuni hüquqlarını reallaşdırıb, tarixi torpaqlarının işğalına son qoyub, ərazi bütövlüyünü bərpa edib: “Səudiyyə Ərəbistanı Krallığının işğalçı dövlətlə - Azərbaycana qarşı təcavüzə, yüz minlərlə mülki azərbaycanlının öz doğma yurd-yuvasından və torpaqlarından zorla köçürülməsinə, dağıdılmasına səbəb olan, şəhər və kəndlərimizi xarabalığa çevirən, məscidlərimizə və digər müqəddəs yerlərimizə qarşı vandalizm törətmiş Ermənistanla diplomatik əlaqələr qurmamaq kimi prinsipial mövqeyini Azərbaycan yüksək qiymətləndirir. Dəymiş maddi ziyanın həcmi hələ tam hesablanmayıb, lakin siz Zəngilanda olarkən nəzər salsanız, dağıntıların miqyasını görə biləcəksiniz”, - deyə nazir bildirib.

S.Şərifov xatırladıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına yenidən inteqrasiyası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını təmin etmək məqsədilə yenidənqurma işləri davam edir. Dövlətimizin başçısının Sərəncamına əsasən “Böyük Qayıdış Proqramı”nın birinci mərhələsi qüvvəyə minib və 2021-ci ildən icrasına başlanılıb.