YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Rossiyskaya qazeta”nın “Azerbaydjan” adlı tematik əlavəsinin may buraxılışı Avropa Oyunlarına həsr olunub

Mayın 26-da “Rossiyskaya qazeta”nın (Moskva) səhifələrində dərc olunan “Azerbaydjan” adlı aylıq tematik əlavənin növbəti buraxılışı çapdan çıxıb. Bu buraxılış iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunlarına həsr olunub.

İki səhifəlik buraxılışın giriş məqaləsində deyilir ki, Avropa Oyunlarının gələcəyi Birinci Oyunların keçirilməsi səviyyəsindən asılıdır. Məqalədə deyilir: “Bakı maliyyələşdirmə baxımından Avropa ölkələri üçün ən çətin bir dövrdə Birinci Avropa Oyunlarının keçirilməsini öz öhdəsinə götürüb. Başqa sözlə, Azərbaycan idman aləmində möhtəşəm hadisə olacaq və dünya miqyaslı yarışların təqvimində layiqli yer tutacaq idman hadisəsini həyata keçirmək cəsarətini nümayiş etdirib”.

Əlavədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla müsahibə verilib. Nazir Avropa Oyunlarının idman və mədəniyyət proqramlarına daxil edilmiş tədbirlərdən, habelə yarışlara hazırlıq üçün ayrılmış 2,5 il ərzində tikilmiş obyektlərdən bəhs edir. Azad Rəhimov deyib: “Biz bilirdik ki, çox vaxtımız olmayacaq. 2013-cü il yanvarın 17-də Prezident İlham Əliyevin Fərmanı ilə Təşkilat Komitəsi yaradıldı. Komitənin başçısı Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyeva təyin edildi. Dərhal qızğın iş getməyə başladı. Təşkilat Komitəsində 1300-dən çox adam çalışır, biz ən iri multiidman yarışlarının təşkili və hazırlanması sahəsində təcrübəsi olan xeyli xarici mütəxəssis də dəvət etmişik”.

“Azerbaydjan” əlavəsinin səhifələrində həmçinin Bakının mehmanxana potensialına və yeni idman obyektlərinə həsr olunmuş məqalələr yerləşdirilib. Əlavədə deyilir: “Təkcə tikintisinin sürətinə görə Olimpiya stadionu Ginnesin Rekordlar kitabına düşməyə layiqdir. Layihənin həyata keçirilməsi 2012-ci ilin noyabrında başlanıb. Kompleks 68 min tamaşaçı tutan əsas stadiondan, məşqlər üçün əlavə arenadan və köməkçi tikililərdən ibarətdir. Yaxınlıqdakı ərazidə 3 min avtomobil üçün park salınıb. Ətrafda genişmiqyaslı yaşıllaşdırma işləri görülür. Bir sözlə, stadionda tamaşaçıların özlərini tarixi hadisənin iştirakçısı kimi hiss etməsinə hər cür şərait yaradılır”.

Əlavənin ikinci səhifəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi “Bakı-2015” Oyunlarının Təşkilat Komitəsinin işinə həsr olunub. Məqalədə deyilir: “Cari ilin əvvəlindən Avropanın bir çox ölkələrində “Bakı-2015” Oyunlarının təqdimatları keçirilib. Roma, Brüssel, Paris, Moskva, Budapeşt, Varşava – iştirakçıları valeh edən mərasimlərin keçirildiyi şəhərlərin heç də tam olmayan siyahısı belədir”.

Avropa Oyunlarına həsr olunmuş növbəti yazı ən tələbkar sakinlərini qəbul etməyə hazır olan Atletlər kəndindən bəhs edir. Materialda deyilir: “Yarışlarda altı min idmançının iştirakı gözlənilir. Bu yaşayış kompleksi onlar üçün Oyunlar zamanı doğma evə çevriləcək. Təşkilatçılar qonaqların gəlişinə lazımınca hazırlaşıblar. Kompleksdə 7 718 nəfərin yerləşdirilməsi nəzərdə tutulub. Burada yeddi rezident-mərkəz fəaliyyət göstərəcək. Həmin mərkəzlərə camaşırxanalar, media mərkəzi, poliklinika, mərasim otaqları, informasiya mərkəzi daxildir”.