YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bəşəri cinayətdir

“44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Azərbaycan, Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları bu sənədi dövlət başçısı İlham Əliyev  məsələnin həlli istiqamətində son nöqtə kimi dəyərləndirdi. Azərbaycan son iki ildə Bəyanatın müddəalarından irəli gələn bütün öhdəlikləri yerinə yetirsə də Ermənistanın bu öhdəlikləri kobud şəkildə pozması dünyanın gözü qarşısında baş verməkdədir. Azərbaycan bölgədə dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq, Ermənistanla münasibətlərdə yeni səhifə açmaq üçün sülh müqaviləsinin imzalanmasını təklif edib, bu istiqamətdə səylərini artırdığı halda, Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd hərəkətləri, təxribatları, törətdiyi ekoloji terror ilə bu prosesin uzanmasında maraqlı olduğunu təsdiqləyir.

Bugünümüzün müzakirə mövzularından biri olan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekofəalların Şuşa-Laçın yolunda keçirdikləri etiraz aksiyası da bu kimi məqamlara aydınlıq gətirir. Belə ki, üç gündür davam edən bu aksiya  Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir. Ekoloji terrorun aradan qaldırılması ilə bağlı aksiya keçirən vətəndaşlarımıza dəstəyin ifadəsi olaraq onlara qoşulanların sayı günbəgün artır. Məlum olduğu kimi,  bu ilin 3 dekabr tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə vurulan ziyanla bağlı potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib. Bu addımlar  Azərbaycan xalqının kəskin  etirazına səbəb olub.” Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, keçirilən aksiyanın əsas çağırışı  Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının dayandırılması, bütün təbii sərvətlərdən istifadənin Azərbaycan  qanunvericiliyi əsasında həyata keçirilməsidir: “Ermənilər 30 il işğal altında saxladıqları ərazilərimizdə təbiətə, bioloji müxtəlifliyə, flora və faunaya, su mənbələrinə, ümumilikdə bu yerlərin  ekologiyasına ciddi zərər vurmuş, beynəlxalq ekoloji cinayət törətmişdilər.  Müxtəlif nadir bitki və heyvan növləri məhv edilmişdir. Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir.  Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan  ərazilərində, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir.”

Baş redaktor vurğulayıb ki, işğalçı Ermənistan yenə də xislətinə uyğun olaraq əsassız bəyanatları ilə beynəlxalq rəyi çaşdırmağa, Azərbaycanı günahkar tərəf kimi təqdim etməyə çalışır. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında həyasızcasına iddia edilir ki, Azərbaycan guya üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozaraq, Laçın yolunu bağlayıb. Halbuki əsl reallıq  dünyanın gözü qarşısındadır. Başqa sözlə,  reallıq ondan ibarətdir ki, bu yol azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Artıq aydın şəkildə görünən bu mənzərəni inkar etmək mümkün deyil ki, əllərində plakatlar və Azərbaycanın dövlət bayrağını tutan, sivil şüarlar səsləndirən dinc etirazçıların qarşısında  silahlı Rusiya sülhməramlıları dayanıb. Etirazçılar “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarına buraxılmayınca oradan getmək fikrində olmadıqlarını bildirirlər.”

Vüqar Rəhimzadə diqqəti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına yönəldərək bildirib ki, sənədin 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən tam çıxarılmadığı, 6-cı bəndin tələbləri kobud çəkildə pozularaq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu,  9-cu bənddə tam aydınığı ilə əksini tapan bölgədə bütün nəqliyyat yollarının və kommunikasiyaların açılmasına maneçilik törədildiyi Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib: “30 illik işğal dövründə Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamasına göz yuman, imkan düşən kimi işğalçı dövlətə gizli və aşkar dəstək göstərən bəzi dünya gücləri 44 günlük İkinci Qarabağ müharibəsində  tarixi ədaləti bərpa edərək Ermənistana və ona havadarlıq edənlərə tarix, hüquq dərsləri keçən Azərbaycanın sülh təklifinin reallaşması üçün Ermənistana nə üçün  təsir göstərmirlər? Dünya gücləri Ermənistanın qanunsuz əməllərinə son qoyulması üçün nə üçün əməli fəaliyyətə keçmirlər? Görəsən bölgədə sülhün sabitliyin, təhlükəsizliyin təmin olunmasına xidmət edən sülh gündəliyinin müəllifi olaraq ölkəmizin  çağırışları nə zaman bu gücləri sükutdan hərəkətə keçirəcək? 30 il Azərbaycanın işğal altında olan torpaqlarının bütün təbii resurslarından istifadə edərək öz iqtisadi durumlarını yaxşılaşdıran ermənilərin postmünaqişə dövründə ekoloji terrorlarına nə zaman son qoyulacaq? Əgər dünya gücləri  beynəlxalq hüququn  işləməsində maraqlı deyillərsə, dövlətlərarası münasibətlərdə etimad mühitini yaratmaq və qorumaq üçün  hansı yolları göstərirlər? Göründüyü kimi, suallar çoxdur.  Azərbaycan dövləti istər işğal, istərsə də postmünaqişə dövründə bu suallara cavab tapmaq istəyib və bu gün də  istəyir.”

“Havadarlarının 30 illik dəstəyinin nəticəsində beynəlxalq hüququn mövcudluğundan xəbərsiz olan Ermənistanın Azərbaycanı bu norma və prinsipləri pozmaqda ittiham etməsi riyakarlıqdır” söyləyən baş redaktor vurğulayıb ki,  30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb olan, XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsini törədən, üçtərəfli Bəyanatın imzalanmasına baxmayaraq  bu sənədin tələblərini kobud şəkildə pozaraq  hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan işğalçı Ermənistandır: “Hesab edirəm ki, işğalçı dövlətin rəhbərliyinin  Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi qeyri-ciddi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Ermənistanın ekoloji terror siyasətinin  nəticələri barədə dünya ictimaiyyətinə mütəmadi məlumatlar verilir.  Azərbaycan tərəfinin əsas tələbi və çağırışı  budur ki, hazırkı dövrdə ermənilərin faydalı qazıntı yataqlarımızı qanunsuz istismar etmələrinə imkan verilməməlidir.”