YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri 

Azərbaycanın dövrün tələblərinə uyğun olaraq qarşısına qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olması daim keçilən yolun təhlilini bir zərurətə çevirir, bugünkü reallıqlarımıza görə kimə borclu olduğumuzu gənc nəslə çatdırmağa çağırış edir. Bu baxımdan ki, Azərbaycanın müstəqilliyinin bərpasından 31 ildən artıq vaxt keçsə də ilk illərdə üzləşdiyimiz faciələr, təhlükələr daim yada salınır və böyük əminliklə qeyd edilir ki, 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Ümummilli Liderin xidmətlərindən danışarkən ilk olaraq onun xilaskarlıq missiyası göz önünə gəlir. Çünki Azərbaycanımızın bugünkü uğurlarından fəxrlə bəhs etməyimiz bizləri daim müstəqillik yolumuzun heç də hamar olmadığını, ölkəmizin 1991-ci ildən 1993-cü ilin iyununadək təlatümlü bir dövr yaşadığını xatırlamağa çağırış edir. O illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra sabitliyin yaradılması ilə digər sahələrdə də mühüm addımların atılmasına geniş imkanlar yarandı. Məhz sabitliyin yaradılması ilə Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə beynəlxalq əməkdaşlığın qurulmasına, dünya iqtisadi sisteminə inteqrasiyanın əsasının qoyulmasına geniş yol açan “Əsrin müqaviləsi” imzalandı. Müstəqilliyini bərpa etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider Heydər Əliyev neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın iqtisadi inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoydu.

İqtisadi müstəqilliyimizin təmin edilməsi siyasi müstəqillik üçün geniş imkanlar yaratdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli Liderin diaspor quruculuğu prosesini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxlaması da bu məqsədə xidmət edirdi ki, bütün dünya azərbaycanlıları bir ideya, bir amal-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşsinlər. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu prosesinin geniş vüsət almasında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada yaşayan azərbaycanlılarla görüşməsin, onların problemləri ilə maraqlanmasın. Daim bu çağırışı edirdi ki, Vətən birdir, hər birimiz bu Vətən üçün çalışmalıyıq.

Son 19 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətində də diaspor quruculuğu xüsusi yer tutur. Bu reallıq da hər kəs tərəfindən etiraf olunur ki, Azərbaycanın 44 günlk İkinci Qarabağ müharibəsində tarixi Zəfərində birliyimiz, həmrəyliyimiz əhəmiyyətli rol oynadı. Dünya azərbaycanlılarının diplomatik mübarizədə qələbəmizə verdiyi töhfələr Zəfərimizdə öz sözünü dedi. Qürurvericidir ki, bu il dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada bir araya gəlib, Zəfər Qurultayını keçirərək birliklərini, həmrəyliklərini məhz bu məkandan dünyaya nümayiş etdirdilər.

Hər bir sahədə Heydər Əliyev siyasətinin uğurlarını görürük. Bu yol Azərbaycana daim böyük uğurlar qazandıracaq, zirvələri fəth etdirəcək. 44 gündə 30 ilin işğalına son qoymaq gücümüzü, qüdrətimizi nümayiş etdirməklə yanaşı, möhkəm təməlin yaranmasını şərtləndirən siyasətin düzgünlüyünü, gələcəyə hesablandığını təsdiqlədi.

Qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsi üçün Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərməliyik. Heydər Əliyev yolu ilə inamla irəliləyən, günbəgün güclənən, qüdrətlənən qalib Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir.