YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər ölkəmizi tənəzzüldən milli inkişaf və intibaha doğru apardı

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Anım Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov ulu öndər Heydər Əliyevin idarəçilik keyfiyyətlərindən, xarizmatik liderlik cəhətlərindən söz açıb. Qeyd edib ki, ötən əsrin 70-ci illərindən etibarən, milli ideyanın yüksəlişinin təmin edilməsində böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin məntiqi olaraq Azərbaycan sözün əsl mənasında yeni yüksəliş dövrünü yaşayıb. Ulu Öndər ölkəyə rəhbərliyi dövründə həyata keçirdiyi uğurlu siyasətin məntiqi olaraq bütün dünya Azərbaycana tamamilə başqa bir prizmadan baxmağa başladı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində əvəzsiz rol oynayan Heydər Əliyev ölkəmizi tənəzzüldən milli inkişaf və intibaha doğru apardı. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, - deyən xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını və milli dövlətçiliyin konsepsiyasını yaratdı.

Daha sonra YAP Veteranlar Şurasının üzvü professor Dilarə Seyidzadə Ulu Öndərlə bağlı xatirələrini bölüşərək deyib: “Heydər Əliyevi bütün xalq sevirdi, dünyanın böyük siyasətçiləri onunla hesablaşırdı. Atdığı hər addım, dediyi hər söz çox maraqlı idi, ona görə də hamısını bircə-bircə qələmə alırdım. Bu cür qeydlər apardığım 60-a yaxın ümumi dəftərim var. Ulu Öndərlə işləyəndə başa düşdüm ki, tarixçi olmaq çox faydalıdır. Elə günlər olurdu ki, gecəni yatmayıb səhərədək işləyirdim. Lakin yorğunluq hiss etmirdim. Əsas odur ki, adam öz işini, seçdiyi yolu sevsin, belə olarsa, heç vaxt yorulmaz. O sevgini mənə həm atam, həm də dahi Heydər Əliyev bəxş edib. Bu gün Prezident İlham Əliyev “Mən hər bir azərbaycanlının Prezidentiyəm” deyir. Bu o deməkdir ki, o, hər bir azərbaycanlını, Azərbaycanın hər daşını, hər qarış torpağını sevir. Bu, çox böyük bir məsuliyyətdir”.

Tədbir sual-cavab formatında davam edib.