YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Lider, Milli Məfkurə və müstəqillik yolu

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Bu gün siyasi terminologiyada yer alan “lider” kəliməsi geniş məna ifadə edən bir kəlimədir.  Bu kəlimə ilə dövlət başçısı da, Siyasi Partiya rəhbəri də, Futbol komandasının aparıcı oyunçusu da, Musiqi qrupunun rəhbəri də, başqaları da ifadə edilir. İngilis  sözü olan bu kəlimənin lüğəti mənası  o qədər də mürəkkəb deyil. “Aparıcı, birinci, öndə gedən” deməkdir. İstilahi mənası isə daha böyük spektri əhatə edir; başqalarının bacarmadığı  işləri  görə  bilən,  köklü dəyişiklilər edə bilən, müstəsna zəkaya, xarizmaya və biliyə, təcrübəyə malik olan, kütləni arxasınca apara bilən, əlindəki gücdən düzgün istifadə edə bilən, çətin qərarlar qəbul etməyi bacaran və bu qərarların məsuliyyətini dərk edə bilən, arxasında dura bilən şəxs və s. başa düşülür. İstilahi mənaları ilə sözsüz ki, bu ibarə xeyli fərqli mahiyyət ifadə edir. “Tarix” dediyimiz nəsnəni də məhz belə şəxsiyyətlər  yazır, yaradır və təbii ki, bu şəxsiyyətlərin özünü də tarix, tarixi proseslər meydana çıxarır. Lakin əsl liderin, Milli Liderin malik olmalı olduğu keyfiyyətlər təkcə bunlar deyil. Millətin Liderinin - xüsusilə uzun illər müstəmləkə boyunduruğu altında istismar edilmiş - dili, dini, mədəni kimliyi, milli məfkurəsi assimilyasiyaya məruz qalmış bir millətin liderinin missiyası  həm də  itirilmiş və ya itirilməkdə olan dəyərlərin bərpası naminə həyata keçirilən fəaliyyətdir, millətin keçmişi ilə gələcəyi arasında körpü qurmaq məharətidir. Başqa sözlə desək, ideya ortaya qoymaqdır, milli məfkurənin, milli ideologiyanın formalaşdırılmasıdır. Çünki, ideya olmadan böyük hədəflərə çatmaq mümkün deyil. İdeya olmadan  dövlət qurmaq mümkün deyil. Bu ideyanın formalaşdırılması üçün heç də Liderin özünün filosof və ya yazar, ideoloq olması vacib deyil. Yetər ki, bu işin əhli olanlara, bilicilərinə meydan açsın, yetər ki, münbit zəmin yaratsın. 

Türkiyənin məşhur bir tarixçisi var – İlbər Ortaylı. Əslən Krım tatarıdır. Rus, İngilis, Alman, Fars, Ərəb dillərini mükəmməl bilir. Televiziyada gördüyüm bir səhnə idi.  İlbər Ortaylı Şiraz əyalətinə bir ekskursiyada iştirak edirdi və tarixi bir məkanı ziyarət etdiyi üçün yanında onu müşaiyət edən çəkiliş qrupu da var idi. Bir çobanın həzin səslə şer oxuduğunu görüb yaxınlaşır və səbrlə onun oxuduğu şeri dinləyir. Yanılmıramsa, çobanın oxuduğu şer Firdovsinin “Şahnamə”sindən idi. Bu çobanın sinədən oxuduğu şerdən çox təsirlənən alimin dediyi sözlər bu gün də qulağımdadır; “Əgər bir millətin çobanı onun klassikini əzbərdən bilirsə, o milləti heç bir işğal, heç bir assimilyasiya yer üzündən silə bilməz”.

Bəli, “Milli ideologiya”nın əsas daşıyıcıları mütəfəkkirlər, fikir, düşüncə adamları, ziyalılar, yazarlardır. Hansı cəmiyyət öz mütəfəkkirlərini tanıyırsa, onların əsərlərini bilirsə, o cəmiyyəti qul etmək olmaz.

Bu gün “Sovet Azərbaycanı” kimi xatırladığımız  dövlətimiz - adı necə olursa olsun - bir müstəmləkə idi və müstəmləkənin bütün atributlarını, bu və ya digər şəkildə özündə ehtiva edirdi. Milli ruhda yazan, yaradan  mütəfəkkirlərimizin – şair və yazıçılarımızın  milliyyətçi, pantürkist damğası ilə repressiya  edilməsi, əsərlərinin qadağan edilməsi də məhz “Milli Oyanışın” qarşısının alınması məqsədi daşıyırdı. 

Bu yaxında internet saytlarının birində bir müsahibə diqqətimi çəkdi. Müsahibə 50-ci illərdə Təhlükəsizlik Orqanlarında çalışmış Əkrəm Səlimzadə adlı bir polkovnikdən alınmışdı. Deyir, “57-ci ildə Bançerev adlı bir əməkdaşımız mənim kabinetimə iki tomluq iş gətirdi. İş, Səməd Vurğunla əlaqədar idi. Onu millətçilikdə ittiham edirdilər. İşi götürüb Heydər Əliyevin yanına getdim. Tanış olan kimi bu cinayət işinin xitam edilməsi və yandırılmasına göstəriş verdi”.

Heydər Əliyevlə əlaqədar danışılanlar, xatırlananlar təkcə bunlardımı? Respublikaya rəhbərlik etdiyi dövrdə - 70-ci illərdə, Sovet hökumətinin qılıncının dalının da, qabağının da kəsdiyi zamanlarda atdığı bu qəbil addımlar birdirmi, ikidirmi? Hüseyn Cavidi, Əhməd Cavadı, Salman Mümtazı, Sanılını, Mikayıl Müşviqi və başqa - millətçi, pantürkist ittihamlarla repressiya edilmiş mütəfəkkirlərimizi, ədiblərimizi tanıdığımız dövr onun dövrü deyilmi? Bu insanların özlərini və əsərlərini “tabu” dan  xilas edən, reabilitasiya edən və deməli əfkari-ümumiyyənin malına çevirən, bu günkü vətənsevər, müzəffər nəslə ötürən o deyilmi? Başqa sözlə, milli özünüdərkin təməllərinin atılması onun xidmətləri deyilmi?

Deyirlər, dağın yanında duranda onun əzəmətini o qədər də hiss etmək olmur. Ancaq uzaqlaşdıqca o əzəmət, böyüklük daha aydın hiss olunur. Bizlər, Heydər Əliyevin müasirləri olmuş insanlarıq və əminəm ki, bu böyük şəxsiyyəti hələ də tam şəkildə dərk edə bilməmişik. Ola bilsin ki, gələcək nəsillər bu əzəməti daha aydın hiss edəcək, görəcək və dövlətçiliyimizi, milli şüurumuzu bizə yenidən qazandırmış bu dahi şəxsiyyəti daha dərindən tədqiq edəcək,  daha  yaxşı tanıtdıracaq.