YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya azərbaycanlıları bir amal ətrafında birləşdi

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev dövrü xilaskarlıqla yanaşı, quruculuq missiyası ilə də xarakterizə edilir. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan ən çətin dövrünü yaşayan zaman xalq  öz xilaskarını axtardı. Xalqımız əmin idi ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün çətinliklər dəf ediləcək, Azərbaycan inkişaf, tərəqqi dövrünə qədəm qoyacaq. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bugünkü inkişafın əsasını qoydu.

Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə  Azərbaycan öz dövlətçilik tarixinin yeni və şərəfli bir erasına daxil oldu. Onun xidmətləri sayəsində dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Ümummilli Lider bu çağırışı etdi ki, Azərbaycanın  müstəqilliyini, suverenliyini daimi etmək üçün bütün dünya azərbaycanlılarından bir amal, ideya-azərbaycançılıq ətrafında sıx birləşmək tələb olunur. Dahi şəxsiyyət hər zaman dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində səylər göstərib. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğunun dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Ümummilli Lider dünyanın ayrı-ayrı ölkələrində dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə nail olduqdan sonra onların vahid mərkəzdən idarə edilməsi üçün Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. 2001-ci ildə keçirilən birinci qurultay bu birliyi, həmryliyi daha da möhkəmləndirdi, Azərbaycanın daha da qüdrətlənməsi naminə davamlı töhfələr verməyə çağırış oldu. Bu günümüzün  qürurverici hadisələri sırasında bu mühüm məqamı xüsusi qeyd edirik ki, Dünya Azərbaycanlıları Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada bir araya gələrək postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə dəstəklərini müzakirə etdilər. Tarixi Zəfərimizdə, birliyimizin, həmrəyliyimizin rolu inkaredilməzdir.

Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Dahi şəxsiyyət Azərbaycanın dünyaya Günəş kimi doğmasını arzuladı və uğurlu siyasəti ilə bu istəyinə nail oldu. Azərbaycan, eyni zamanda, qalibiyyəti ilə dünyanın diqqətindədir. Qalib ölkənin vətəndaşı olaraq hər birimiz bu uğurlarımızla qürur duyuruq.
 Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə Azərbaycan xalqının yaddaşında qurucu və müdrik dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq, xalqımızın dünyanın xoşbəxt xalqları sırasında tutduğu yeri daha da möhkəmləndirəcək.