YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Ulu Öndərin əbədiyyata qovuşmasından 19 il keçməsinə baxmayaraq, xalqımız öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tarixin ən çətin və keşməkeşli dövrlərində dərin zəkası və uzaqgörənliyi ilə milli dövlətçiliyi, azərbaycançılıq ideyalarını hər şeydən üstün tutan, bütün mənalı ömrünü canından artıq sevdiyi doğma xalqına həsr edən, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdi. Ümummilli Liderin “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!” kəlamı dahi şəxsiyyətin həyatının ana xəttini təşkil edib. Dövlətçilik tariximidə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Müstəqil Azərbaycan tarixinin  bütün səhifələrində Ulu Öndərin imzası var. Üçrəngli dövlət bayrağımızın təsdiq edilməsi, ilk parlament seçkilərinin keçirilməsi, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması, çoxpartiyalı siyasi sistemin yaradılması, “Əsrin müqaviləsi”, dünya dövlətləri ilə diplomatik münasibətlərin qurulması və inkişafı, beynəlxalq təşkilatlara əməkdaşlığın inkişafı, ümumiyyətlə, bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatın elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir.

Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Dahi şəxsiyyət qətiyyətli siyasəti ilə ölkəmizi bütün təhlükələrdən qoruyub, dövlət, xalq qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaradıb. Ulu Öndər xilaskarlıq missiyasını ləyaqətlə, şərəflə yerinə yetirdi, xalqın sabaha inamını bərpa etdi, milləti öz taleyüklü problemlərinin həlli yönündə fədakarlığa ruhlandırdı. Heydər Əliyev Azərbaycan dövlətinin haqq səsini bütün dünyaya çatdırdı, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi, adını qızıl hərflərlə bəşəriyyət tarixinə yazdırdı. Məhz Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu Öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətinin həyata keçirilməsi nəticəsində mümkün oldu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrildi. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Milli liderlik və siyasi liderlik keyfiyyətlərinin dünya tarixində bir dövlət xadimində birləşməsi nadir hallarda rast gəlinir. Məhz bu iki keyfiyyəti özündə cəmləşdirən şəxslər xalqın ümummilli liderinə çevrilir. Heydər Əliyev Azərbaycan xalqının həm siyasi lideri oldu, həm də milli lideri.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları, dünyada yaşayan bütün azərbaycanlılar heç vaxt unutmayacaq. Hər il keçirilən anım tədbirləri Azərbaycan xalqının böyük ehtiramın ifadəsidir, Heydər Əliyevin xalqımızın qarşısındakı möhtəşəm xidmətlərinə verdiyi qiymətdir. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi hər zaman yaşayacaqdır.

DİGƏR Xəbərlər Arxiv