YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın qəlbində silinməz izlər buraxmış dahi, əbədiyaşar Lider

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan çətin, keşməkeşli və tarixi sınaqlarla dolu böyük inkişaf yolu keçmiş qədim ölkədir. Qədirbilən xalqımızın hər bir nümayəndəsi tariximizin bütün mərhələlərində öz ömrünü ölkəsinin maraqları naminə həsr edən şəxsiyyətlərini, mötəbər insanları heç zaman unutmur, onları daim böyük hörmət hissi ilə anır. Məlumdur ki, bəşər tarixində tək-tək nəhəng şəxsiyyətlər olub ki, bütün şüurlu həyatını xalqına qurban verib. Belə insanlara tarixi şəxsiyyətlər deyirlər. Onlar öz fəaliyyətləri ilə yaşadıqları Vətənin tarixini yazmağı bacarıblar. Xalqımızın tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələrini yenidən dirçəldən milli lider Ulu öndər Heydər Əlirza oğlu Əliyev olmuşdur.

O, öz tükənməz enerjisini xalqın, millətin xoşbəxt gələcəyinə həsr etməklə, qazandığımız müstəqilliyi qoruyub saxlamaqla, memarı olduğu Azərbaycanda dövlətçiliyimizi əbədi və sarsılmaz etmişdir. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz, xalqımız məhv olmaq təhlükəsindən xilas olmuş, böyük inkişaf yolu ilə inamla addımlamışdır. Odur ki, biz inamla deyirik ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur və bu gündə ən uca zirvədədir. Müstəqil Azərbaycan dövləti, bu gün artıq əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yol - bu reallıqların hər birində Heydər Əliyevin imzası var. Heydər Əliyev, özünün də söylədiyi kimi, milli mənsubiyyəti, onu yetişdirmiş millətlə fəxr edən ən böyük azərbaycanlı idi. Onun ideyaları bu həqiqətdən qida alırdı. Ulu öndər arzularında yaşatdığı Azərbaycanı hələ respublikaya birinci rəhbərliyi dönəmindən qurmağa başlamış, Azərbaycan dövlətinin rəhbəri kimi işə başladığı ilk illərdən bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. Respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycan elminin, mədəniyyətinin, iqtisadiyyatının, demək olar ki, həyatımızın bütün sahələrinin inkişafı üçün son dərəcə əhəmiyyətli qərarlar qəbul etmişdi.

Ulu öndərimizin cismani yoxluğundan keçən zaman artıqca, onun böyüklüyünü, əzəmətini daha aydın hiss edirik. Bir daha başa düşürük ki, dahi öndər Heydər Əliyev haqqında nə qədər fikirlər deyilsə də yenə də nə isə deyilməyibdir! Bu gün bizə bir daha aydın olur ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti, yeni əsrin yeni lideri cənab İlham Əliyevin rəhbərliyi ilə nə qədər Azərbaycan, nə qədər Azərbaycan xalqı vardır Heydər Əliyev ideyaları yaşayacaq, bizi xoşbəxt bir gələcəyə qovuşduracaqdır. Həm sovet dönəmində, həmdə müstəqilliyimizin bərpasından sonra Heydər Əliyevin Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasət azərbaycanlıların yaddaşında və qəlbində silinməz izlər buraxmışdır. Bəli, doğrudan da 1993-2003-cü illər ərzində dahi Heydər Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi. Biz bugün eyni zamanda qalib xalqın qalib nümayəndəsiyik. Ona görə ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası ötən dövrdə Partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunmuşdur.

Xalqın ümummilli liderinə çevrilmiş dahi azərbaycanlı Heydər Əliyevin vəfatından 19 il ötür. Xalqımız ötən bu illərin hər birində Heydər Əliyevin müdrik ideyaları əsasında ölkəmizin böyük inkişaf yolu keçdiyinə əyani şəkildə şahid olur, böyük şəxsiyyətin xatirəsini daim ehtiram hissi ilə anır.