YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın tarix yaradan xilaskar Lideri

“Hər bir millətin tarixində onu irəli aparan bir lider olur. Azərbaycan xalqının taleyinə düşən böyük şəxsiyyətlər arasında  Ulu Öndər Heydər Əliyevin yeri tam başqadır”. Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.

Milli Məclisin üzvü bildirib ki, müstəqilliyin bərpasından sonra yaşanan xaos Azərbaycanı uçuruma yuvarlamışdı. Xalqın yeganə ümid yeri isə ümummilli lider Heydər Əliyev idi. Məhz belə də oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkədəki bütün daxili çəkişmələrə, hərc-mərcliyə son qoydu. Azərbaycanı yeni inkişaf mərhələsinə çıxartdı. Yeni neft strategiyası həyata keçirildi. Ölkənin sənaye, kənd təsərrüfatı sahələrinin inkişafı ön plana çəkildi, yeni istehsal müəssisələri yaradıldı. Bir sözlə, xalqın rifahının yüksəldilməsi dövlətin əsas məqsədi oldu.

Ağalar Vəliyev diqqətə çatdırıb ki, Ulu Öndər bütün sahələr üzrə islahatlar aparmaqla Azərbaycanın xilaskar lideri oldu. Onun uzaqgörən siyasəti həyatın bütün sahələrini əhatə etdi, gənclərin təhsili, ordu quruculuğu, elm və mədəniyyətin inkişafı xüsusi diqqət mərkəzində saxlanıldı. Azərbaycana iki dəfə başçılıq etmiş bu dahi şəxsiyyət 1969-1982-ci illərdə ölkəmizi keçmiş SSRİ məkanında ən qabaqcıl respublikalar sırasına yüksəltmişdi.

Millət vəkili həmçinin vurğulayıb ki, sovet dövründə Azərbaycanı keçmiş ittifaqın qabaqcılları sırasına çıxaran Heydər Əliyev müstəqillik illərində də öz missiyasını müdrikcəsinə həyata keçirib, dövlətimizi parçalanmaqdan, xalqımızı öz azadlığını itirməkdən xilas edib. Bu baxımdan istər sovet, istər müstəqillik illərində Heydər Əliyevin müəllifliyi ilə qazanılan hər bir uğur tariximizin qürurverici səhifələridir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də  Heydər Əliyev ideyalarının həyata vəsiqə almasıdır. Heydər Əliyev yolunu layiqincə, qətiyyətlə, inamla davam etdirən, ən nüfuzlu siyasi liderlərlə bir cərgədə dayanan İlham Əliyevin rəhbərliyi ilə keçilən inkişaf yolu Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə,  bölgənin liderinə, dünyada isə söz sahibinə çevirib.

2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın azad edilməsi bir daha Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun təntənəsi kimi tariximizə həkk olunduğunu diqqətə çatdıran Ağalar Vəliyev söyləyib ki, qələbəyə aparan yolun əsasını illər öncə Ulu Öndər müəyyən etmişdi: “Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə Ulu Öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Onun təməlini qoyduğu inkişaf siyasəti yalnız sosial-iqtisadi sfera ilə tamamlanmayaraq, kompleks xarakter daşıyırdı. Əlbəttə, bəzən qarşıya qoyulan hədəflərə çatmaq üçün illər, onilliklər lazım gəlir. Eyni zamanda bu zaman daim nəzərə alınırdı ki, biz yalnız Ermənistanla yox, dünyada özünə yer etmiş erməni lobbisi ilə qarşı-qarşıyayıq. Bu baxımdan Heydər Əliyev bütün məsələləri zərgər dəqiqliyi ilə ölçüb-biçmişdi. Ali Baş Komandan İlham Əliyev böyük Zəfəri dəyərləndirərkən dedi ki, bu savaşı müstəqillik dövründə böyüyən vətənpərvər gənclər qazanıb. O gənclər ki, məhz Ulu Öndərin yaratdığ hərbi məktəblərdə təhsil alıb yüksək hazırlıqlı zabit kimi yetişdilər”.

Milli Məclisin üzvü nəzərə çatdırıb ki, əgər Heydər Əliyev Azərbaycanı uçurumdan qurtarıb yeni inkişaf yoluna çıxartdısa, İlham Əliyev Azərbaycanı daha da inkişaf etdirən lider oldu və bu ölkəni tarixinin ən qüdrətli dövlətinə çevirdi. Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 19 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin nəticələri göz önündədir. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artırılması, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, torpaq, Vətən sevgisinin böyüklüyü fonunda 44 günlük İkinci Qarabağ savaşında qalib olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tarix yazaraq 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqı bir daha yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi.

Ağalar Vəliyev həmçinin Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə keçirilən mərasim və Azərbaycan Prezidenti, Partiyanın Sədri İlham Əliyevin bu tədbirdəki çıxışı fonunda tarixi proseslərin obyektiv dəyərləndirilməsi baxımından əlamətdar olduğunu da söyləyib. Bildirib ki, Yeni Azərbaycan Partiyası faktiki olaraq 30 il ərzində ölkəmizdə demokratik, siyasi mühitin yaradılmasının tərəfdarı olub. Yeni Azərbaycan Partiyasını ümumxalq partiyası kimi xarakterizə etməyə imkan verən digər mühüm amil isə onun cəmiyyətin bütün təbəqələrindən olan sağlam düşüncəli, vətənpərvər insanları birləşdirməsidir. Prezident İlham Əliyevin liderliyi, aparılan siyasətə ümumxalq dəstəyi və Yeni Azərbaycan Partiyasının da fəal iştirakı ilə dövlətimiz daha da inkişaf edir, böyük hədəflərə, işıqlı amallara doğru əzmlə irəliləyir.

Milli Məclisin deputatı onu da əlavə edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilməsi və dahi şəxsiyyətin 100 illik yubileyi həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından kənarda böyük təntənə ilə qeyd ediləcək. Bütün bunlar isə qədirbilən xalqımızın azərbaycanlı olması ilə həmişə qürur duyan, "Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyərək siyasət meydanına atılaraq xalqı və dövlətinin xilası, onun gələcəyi üçün misilsiz işlər həyata keçirən Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə dərin ehtiramı, minnətdarlığıdır.