YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Ümummilli Liderin anım günü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “12 Dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!” adlı tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşları, partiya veteranları, rayon Ağsaqqallar Şurasının üzvləri, qazilər və partiya fəalları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan Ulu Öndərin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edib, müstəqilliyini əbədi və dönməz edib. Ulu Öndərin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulub, müstəqil dövlətin Konstitutsiyası qəbul olunub, dövlətimiz dünyada öz layiqli yerini tutub.

Daha sonra çıxış edən natiqlər - Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Zəlimxan kənd tam orta məktəbin direktoru Qalib Cəfərov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev, partiyanın gənc fəalları Səadət Nağıyeva və Vüsal Həsənov bildiriblər ki, Heydər Əliyevin həyat yolu yüksək əxlaqi keyfiyyətləri özündə birləşdirən nümunəvi məktəbdir. Ulu Öndər iki müxtəlif siyasi sistemdə Azərbaycanın rəhbəri olmuş və hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun şəkildə özünün bütün fəaliyyətini Azərbaycanın yüksəlişinə, inkişafına həsr etmişdir.

Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi-iqtisadi kurs möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən sabit ölkəsinə çevrilib, beynəlxalq aləmdə yüksək nüfuz qazanıb, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olub. Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağ Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində işğaldan azad olunub. “Dəmir Yumruq” əməliyyatı nəticəsində tarixi Qələbə qazanılıb.

Sonda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar videoçarx nümayiş etdirilib.