YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər paradı düşmənə növbəti mesaj idi

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Zəfər Paradında qardaş Türkiyənin əsgər və zabitləri də iştirak etmişlər. Azərbaycan və Türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi də xalqların tarixində əbədi qalacaq qürurverici hadisə çevrildi. Həmin gün ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi isə xalqların mənəvi yaxınlığının təzahürü idi. Eyni zamanda, qardaşlığın zəfəri olan paradı Azərbaycan və Türkiyə rəhbərlərinin birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi.

Prezident İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı zamanı çıxış edərək bildirmişdir ki, Vətən müharibəsinin ilk günlərindən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır.

Azərbaycan Ermənistanı məğlub edərək işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala, haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın.

Son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ermənistan ordusu  məhv edildi. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlər tezliklə sağalıb döyüş meydanına qayıdaraq öz missiyalarını başa vurmaq istəyirdilər. Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi.

Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini də məhv etdi. Onlar yalan məlumat ötürərək mif yaratmışdılar ki, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində ordu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

Azərbaycan addım-addım zəfərə doğru inamla getmiş və ölkənin hərtərəfli inkişafı, iqtisadi qüdrəti qələbə üçün zəmin yaratmışdı.

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.

Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını Müzəffər Sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu.