YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər paradı qürur simvolumuzdur

2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Silahlı Qüvvələrimizin Qələbəsinin, ölkəmizin hərbi qüdrətinin təntənəli nümayişi kimi Azərbaycan tarixinə əbədi həkk olundu. Həmin gün paytaxt Bakının Azadlıq meydanı qalib Azərbaycanın hərbi gücünə şahidlik etdi. Hərbi orkestrin səsləndirdiyi Zəfər Marşının sədaları altında peşəkar döyüş qabiliyyətinə malik üç mindən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin, həmçinin darmadağın edilən düşməndən ələ keçirilmiş hərbi qənimətlərin nümayişi dosta, düşmənə, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə Azərbaycanın qüdrətini bir daha göstərdi.

Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, qüdrətli Azərbaycan ordusunun cəmi 44 günə düşməni pərən-pərən salıb qarşısında diz çökdürərək, 28 ildən sonra yenidən Şuşada dalğalandırdığı üçrəngli bayrağı da fəxrlə, qürurla Azadlıq meydanında dalğalandırıldı.

“Bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi”. Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Zəfərdən xeyli əvvəl dediyi bu sözlər reallığa çevrildi. Bu tarixi an qəlbində Vətən sevgisi gəzdirən hər bir azərbaycanlını fərəhləndirdi və qürurlandırdı. Dünyaya səs salan, qürur, şərəf, ləyaqət simvolumuz olan Zəfər paradı təkcə ölkəmizin düşmən üzərindəki qələbəsinin təntənəsi olmadı, eyni zamanda bölgədə erməni faşizminin məhvi, Azərbaycanın illərlə ikili standartlara, təzyiqlərə məruz qalmasının sonu oldu.

30 il müddətində ordusu haqqında “miflər” yaradan, “keçilməz sədləri” ilə öyünən erməni işğalçilarının 44 günə Azərbaycan Ordusu tərəfindən ələ keçirilən hərbi qənimətlərinin nümayişi onu göstərdi ki, bundan sonra heç kəs bir daha Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməz. Azərbaycanın rəşadətli Ordusu, peşəkar əsgər və zabitləri, xalqın arxalandığı, güvəndiyi Ali Baş Komandanı var. Prezident cənab İlham Əliyev Zəfər paradındakı çıxışında qeyd etdiyi kimi: “Bütün gücümüzü səfərbər edərək bir “dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim “dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq”.

Ramil Orucov onu da qeyd edib ki, düşmənə qarşı yumruq kimi birləşən bir xalqın Zəfər paradı dövlətinin qüdrətini nümayiş etdirməklə yanaşı, həm də Azərbaycan- Türkiyə qardaşlığının daha bir nümayişi oldu. Qardaş Türkiyənin 44 günlük Vətən müharibəsinin ilk günündən ölkəmizin yanında olması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” müdrik kəlamlarının əyani təsdiqinin təzahürü idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi gündə iştirak etməsi isə sarsılmaz qardaşlığın təntənəsi idi. Prezidenti Rəcəb Tayyib Ərdoğanın özünün dı dediyi kimi, Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə çətinliklərin öhdəsindən gəlməyə, yeni uğurlara çatmağa davam edəcək.

“Qalib xalqımız Zəfər paradının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd edir. Yüz illər sonra da Azəraycan əsgərinin paytaxtın baş meydanında məğrur yürüşündən, həqiqətin, ədalətin qələbəsindən, müstəqil dövlətimizin misilsiz hərbi nailiyyətlərindən iftixarla, fəxrlə danışılacaq”- deyə YAP Gəncə şəhərinin sədri Ramil Orucov bildirib.

DİGƏR Xəbərlər Arxiv