YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa erməni lobbisinin və diasporunun girovuna çevrilib

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Fransa Senatı və Milli Assambleyası erməni lobbisinin və diasporunun girovuna çevrilib. Noyabr ayında Fransa parlamentində - Senat və Milli Assambleyada Azərbaycana qarşı qəbul olunan iki qərəzli qətnamə bu qənaəti daha da möhkəmləndirir. Qərəzli qətnamələrə ilk növbədə Azərbaycan dövlətindən və cəmiyyətindən kəskin təpkilər gəldi.  Eyni zamanda, Fransada yaşayan və təhsil alan azərbaycanlılar qərəzli sənədə etiraz səslərini ucaltdılar. Onlar Milli Assambleyanın yaxınlığında geniş aksiya təşkil etdilər və qətnamənin qərəzli olduğunu bildirdilər. Bundan başqa, Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini səsverməyə çıxarmasına etiraz məqsədilə Avropada yaşayan soydaşlarımız tərəfindən sosial şəbəkələrdə #StopHypocrisy (Riyakarlığa son!) həştəqi ilə kampaniya keçirildi. Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyasının (ADA) prezidenti Jerom Lamber isə Fransa Milli Assambleyasının 577 üzvünə müraciət etdi. J.Lamber öz müraciətində məlum qətnaməni hazırlayanların Azərbaycan-Ermənistan münasibətlərindən ümumiyyətlə xəbərsiz olduqlarını əsaslandırmışdır. Qondarma sənədə dünyanın ayrı-ayrı ölkələrindən və müxtəlif təşkilatlardan gələn reaksiyalar da çox sərt oldu.

Azərbaycan dövlətindən, Fransa cəmiyyətindən, beynəlxalq ictimaiyyətdən gələn bu kimi kəskin təpkilər və bəzi başqa səbəblərdən respublikamıza qarşı qərəzli sənədin parlamentin aşağı palatasında - Milli Assambleyada müzakirələri yubandı. Bununla belə, erməni lobbisinin təzyiqləri qarşısında geri çəkilən Milli Assambleyada qondarma sənədin müzakirələri aparıldı və burada noyabrın sonunda “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edildi.

Fransa Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Fransa parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə qəbul edilən qərəzli qətnamələr bu ölkənin mövqeyini əks etdirmir. Əslində isə bu mövqe riyakarlıqdan başqa bir şey deyil. Son vaxtlar Fransa Prezidenti Emmanuel Makrondan 30 il ərzində işğalçılıq siyasəti aparmış Ermənistanı açıq-aşkar dəstəkləyən bəyanatlar gəlməkdədir. E.Makronun bir qədər bundan əvvəl yerli mətbuata verdiyi müsahibədə səsləndirdiyi fikirlər postmüharibə mərhələsində təməli qoyulan sülhyaratma prosesinə ciddi ziyan vurdu və geridönüşə səbəb oldu. Ermənistanın baş naziri N.Paşinyan Praqa görüşündə Azərbaycanla sülh müqaviləsini imzalamağa, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanımağa hazır olduğunu bəyan etmişdi. Fransa parlamentinin qəbul etdiyi qərəzli qətnamələr və E.Makronun boğazdan yuxarı səsləndirdiyi manipulyativ açıqlamalar isə Ermənistan rəsmilərinin mövqeyini yüz səksən dərəcə dəyişib. İndi N.Paşinyan və onun komandasının digər üzvləri şərtlər ritorikası ilə danışmağa başlayıblar. Bu o deməkdir ki, Fransanın vasitəçiliyi sülh prosesinə yalnız zərbə vurur.

Fransa Senatının və Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdikləri qətnamələrin hər hansı bir hüquqi əsasları yoxdur. Milli Assambleyanın qəbul etdiyi qətnaməyə Azərbaycan Milli Məclisinin münasibətində qondarma sənəd belə dəyərləndirilib: “Qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı Soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin düşmüş hesab olunması, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsi kimi faktların yer almaması onun ucuz siyasi sifarişdən başqa bir şey olmadığını açıq şəkildə göstərir”. Digər tərəfdən, Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesinə qatılmağa mənəvi haqqı da yoxdur. Biz Fransanın zamanında keçmiş Dağlıq Qarabağ münaqişəsinin uzanmasında, indi isə sülhyaratma prosesində mənfi rol oynadığını qeyd etdik. Bu ölkənin özünün tarixi də müharibə cinayətləri ilə doludur. MM-in sözügedən münasibətində bu barədə ətraflı bəhs olunub. “Digər tərəfdən, Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşlar. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir”, - deyə sənəddə bildirilir.

Bütövlükdə, Fransa hökumətini dilemma qarşısında qoyan əsas amil Azərbaycanın Avropada artan nüfuzu və önəmi ilə bağlıdır. Fransa hökuməti əslində iki tərəfdən təzyiq altındadır. Təzyiqin biri bəlli tərəfdən - erməni lobbisindən gəlir. Digər tərəfdə isə Azərbaycana ehtiyac duyduğunu hər addımda açıq nümayiş etdirən Avropa İttifaqı (Aİ), bu məkana daxil olan ölkələrin mövqeyi dayanır. Avropa tək “biz Azərbaycandan qaz almırıq” deyən Fransadan ibarət deyil. Burada enerji sektorunda və digər sahələrdə Azərbaycanla sıx əməkdaşlıq edən çox sayda ölkə var. Respublikamız həmin ölkələrin, bütövlükdə qoca qitənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Cari ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji əməkdaşlığına dair yeni saziş imzalandı. Bu sənəd ölkəmizlə Aİ arasında əməkdaşlığın yeni yol xəritəsi kimi səciyyələndirilir. Bütün bunların fonunda Fransanın özünə bacı hesab etdiyi Ermənistanı dəstəkləməsi, Azərbaycana qarşı apardığı qərəzli kampaniya heç bir nəticə verməyəcək.

DİGƏR Xəbərlər Arxiv