YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropa İttifaqı ilə bütün sahələrdə fəal əməkdaşlıq edir

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan dövlətinin xarici siyasətində Avropa qurumları ilə əlaqələr prioritet istiqamətlərdən biridir. Xüsusilə, beynəlxalq təşkilat kimi Avropa İttifaqı üçün Azərbaycan Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynayır. Avropa İttifaqı ilə ölkəmiz arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət  və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.

Dünyada gedən geosiyasi proseslər fonunda Avropa İttifaqının enerji təhlükəsizliyində etibarlılıq və səmərəlilik baxımından Azərbaycanla tərəfdaşlıq əlaqələri xüsusi önəm qazanmışdır. 2022 ci ilin iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nda diqqət çəkən əsas məqamlardan biri də Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi idi. Bu məsələ  noyabrın 25-də Bakıda keçirilən, “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda da müzakirə edilmişdir. 

Prezident İlham Əliyevin iştirak etdiyi konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim böyük əhəmiyyət verdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, “bu, bizim xarici siyasətimizin prioritetlərindən biridir. Biz Avropa İttifaqını çox mühüm tərəfdaşımız hesab edirik. Biz yeni razılaşma üzrə məsləhətləşmələrin son mərhələsindəyik. Razılaşma demək olar ki, 90 faiz hazırdır, orada bir neçə həll olunmamış məsələ qalıb. Lakin, düşünürəm ki, qarşılıqlı xoş niyyəti nümayiş etdirərək biz buna nail ola və Avropa İttifaqı ilə çox mühüm sənədi imzalaya bilərik.” 

Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizləri  istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.

Dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan artıq qlobal məkanda özünün müstəqil xarici siyasətini müəyyənləşdirməyə nail olub və əksər dövlətlərdən fərqli olaraq, ölkəmizin beynəlxalq subyektlərdən asılı tərəf kimi deyil, əksinə, dünya birliyinin bərabərhüquqlu üzvü olması ilə fərqlənir. Eyni zamanda, Avropa qurumları ilə əlaqələrin xarici siyasətdə əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikası həm Avropanın nüfuzlu təşkilatları, həm də əksər dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan uğurlu siyasi əməkdaşlığın qurulmasına nail olub.