YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad edilmiş ərazilərimizdə bütün yeniliklər öz əksini tapır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri   

Postmünaqişə dövrünün əsas reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılmasıdır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş torpaqlarımız müasir tələblər səviyyəsində qurulur, soydaşlarımızın rahat yaşayışı üçün zəruri olan addımlar atılır. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında görülən işlər göz qabağındadır. Bu ərazilərdə yol infrastrukturunun yenilənməsinə, infrastruktur layihələrinin uğurlu icrasına diqqət beynəlxalq səviyyədə təqdir edilir. Yeni avtomobil, dəmir yolları, hava limanları tikilir. Bütün bu işlər Azərbaycan dövlətinin daxili imkanları hesabına həyata keçirilir. Bu gün Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya açılıb. Füzuli və Zəngilan Beynəlxaq Hava limanlarının iki dost, qardaş ölkənin Prezidentlərinin -cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Laçın Beynəlxalq Hava Limanının istifadəyə  verilməsi  isə 2025-ci il üçün nəzərdə tutulub.

Son iki ildə Azərbaycanın ev sahibliyi etdiyi, həmçinin bu və ya digər ölkələrdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər postmünaqişə dövrünün reallıqlarının və onların fonunda ortaya çıxan çağırışların təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan noyabrın 25-də Bakıda, ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans xüsusi əhəmiyyət kəsb edir.

Dövlət başçısı İlham Əliyev konfrans iştirakçılarının suallarını cavablandırarkən  “Azad edilmiş ərazilərlə bağlı sizin fikirlərinizə gəldikdə isə, demək istərdim ki, biz azad edilmiş ərazilərdə ən son texnologiyalardan istifadə edirik” söyləyərək bildirdi ki, iki il əvvəl, müharibə bitəndən dərhal sonra “Qarabağı yenidən quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” deyəndə eynilə bunu nəzərdə tutmuşdum: “Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik. Onda biz, bəlkə də artıq indi davamlı olaraq texnoloji təcrübəyə, eləcə də inzibati idarəçiliyə keçəcəyik.”

Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə təkmil idarəçilik sistemi də yaradılıb. Prezidentin şəxsi nümayəndəsinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyəti səmərəliliyin artırılmasında öz sözünü deyir. Dövlət başçısı İlham Əliyev bildirdi: “Çünki azad edilmiş ərazilərdə bizim ölkənin digər yerlərindən fərqli inzibati strukturlarımız var. Prezidentin xüsusi nümayəndəsi institutu üç ərazidə artıq qurulub və səmərəliliyi sübut olunub. Beləliklə, biz texnoloji inkişaf modelini sınaqdan keçirməklə yanaşı, həm də idarəçilik modelini sınaqdan keçiririk. Ona görə də biz rəqəmsal inkişafa çox diqqətlə və əzmlə yanaşacağıq, xalqımıza uyğun olan ən yaxşı seçimi edəcəyik.”

Göründüyü kimi, Azərbaycan hər bir yeniliyin nəinki paytaxt Bakıda, bölgələrimizdə, işğaldan azad edilmiş rayonlarda tətbiqinə xüsusi diqqət göstərir. Tezliklə Böyük Qayıdış proqramının uğurlu icrasını təmin etməklə soydaşlarımızın öz yurd-yuvalarına qayıdışı reallığa çevriləcək və yaradılan müasir şərait bu torpaqların malik olduqları potensialdan səmərəli istifadəni şərtləndirəcək. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir.