YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabitlik inkişafın əsasıdır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri    

Dünyanın beyin mərkəzlərinin, tanınmış siyasi ekspertlərin iştirakı ilə ADA Universitetində sayca 3-cü konfrans keçirildi. Birinci konfrans ötən il aprelin 10-13-də ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, ikinci konfrans isə bu ilin aprelin 29-da “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda olub. 

Noyabrın 25-də keçirilən üçüncü konfransın mövzusu isə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”dır. Azərbaycan belə mövzuda keçirilən konfransa ev sahibliyi etməklə qeyd edilən sahələrdə malik olduğu imkanları nümayiş etdirir. Öncə nəzərə alaq ki, Azərbaycanın regionda, dünyada söz sahibliyini şərtləndirən əsas amil düşünülmüş və məqsədyönümlü siyasətidir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirmək mümkün deyil.

Orta Dəhliz çox böyük beynəlxalq əhəmiyyətə malik irimiqyaslı layihədir. Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması, bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb: “Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Başqa sözlə desək, fiziki nəqliyyat və logistika infrastrukturunu yaratmaq üçün onlara aid ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin nə yerdə olması da vacibdir.”

1993-cü ildən bu günə, yəni ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək sabitlik, təhlükəsizlik məsələləri prioritet olub. Ümummilli Lider bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsi mümkünsüzdür. Ulu öndər Heydər Əliyev, eyni zamanda, bildirirdi ki, iqtisadiyatı güclü olan dövlət hər şeyə qadirdir. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsinin bu günümüz üçün əhəmiyyətini açıqlayır. Hazırda ölkəmiz neft strategiyasının uğurlarını yaşayır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerli layihələrinin icrasından əldə olunan vəsaitin səmərəli istifadəsi nəticəsində iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir.

Bunları qeyd etməkdə məqsədimiz budur ki, ADA Universitetində keçirilən konfrans Azərbaycanın, həmçinin konfransa qatılan digər dövlətlərin tədbirin  mövzusunun özündə ehtiva etdiyi sahələrdə malik olduqları potensialın təqdimatıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində  ölkəmizdə möhkəm əsaslı sabitlik mövcuddur ki, bu da öz növbəsində Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli layihələrdə yer almasına gətirib çıxarır. Konfransda Azərbaycanın həyata keçirdiyi, eləcə də planlaşdırdığı enerji layihələri, bu layihələrin beynəlxalq əhəmiyyəti, həmçinin ölkəmizdə mövcud olan böyük nəqliyyat-kommunikasiya potensialı haqqında geniş məlumat verildi.