YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Cənubi Qafqazda sülhü və əmin-amanlığı dəstəkləyir

Anar Məmmədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqlar, geosiyasi vəziyyət, Azərbaycanın müəllifi  olduğu enerji və nəqliyyat layihələrinin əhəmiyyəti, Orta Dəhlizin reallaşması perspektivləri, ölkələr arasında əlaqələrin inkişafı, yeni əməkdaşlıq formatlarının yaradılması üçün mövcud imkanların müzakirəsi baxımından mühüm mesajlar verdi.

Bu mühüm platforma xarici ekspertlərlə birgə postmünaqişə dövründə ADA Universitetinin ev sahibliyi etdiyi sayca üçüncü konfransdır. Prezident İlham Əliyevin bu konfransda iştirakı və verilən bütün sualları ətraflı cavablandırması bir daha onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir və nəinki öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətləri və əlaqələri qurmağa hazırdır.  Dövlətimizin başçısının səsləndirdiyi fikirlər müxtəlif istiqamətləri əhatə etsə də, mahiyyət etibarilə vahid və konseptual bir siyasi platformanın tərkib hissəsi kimi nəzərə çarpırdı. Bu fikirlər ən müxtəlif siyasi nəzəriyyələrin, mövcud geosiyasi reallıqların ciddi və hərtərəfli təhlili nəticəsində ortaya çıxan baxış bucağını əks etdirirdi. Nəzərə alsaq ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələlərinə xüsusi diqqət ayırmaq lazımdır, ölkə başçısının da qeyd etdiyi kimi “İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq”.

Beynəlxalq konfransda cənab Prezident bir daha Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərək bildirdi ki, “Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Qarabağla bağlı danışıqların davam etdiriləcəyini düşünsə də, Azərbaycan bunun qətiyyən mümkün olmadığını bildirdi və bu çağırışı etdi ki, heç bir ölkə, beynəlxalq qurum ilə Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub. Ölkəmizin Ermənistana təklif etdiyi sülh müqaviləsində beynəlxalq hüququn 5 əsas prinsipi öz əksini tapıb ki, bunlardan biri də ərazi bütövlüyü prinsipidir. Ermənistan Praqa görüşündə rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı və bu həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir”.

Praqa görüşündən sonra Fransanın təxribatlarını diqqətə çatdıran Prezident İlham Əliyev bəyan etdi ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz: “Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub. Deməli, bu o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq. Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq”. 

44 günlük Vətən müharibəsindən sonra Qarabağ probleminin həlli, regionda qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olması üçün indiyədək heç vaxt müşahidə olunmayan imkanlar yaratmışdır. Bu xüsusda yeni situasiya regionda sabitliyin, təhlükəsizliyin, uzunmüddətli sülhün, qarşılıqlı əməkdaşlığın təmin edilməsinin qarantı kimi çıxış edə bilər.