YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Orta Dəhliz layihəsində önəmi daha da artacaq

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Dünyanın beyin mərkəzlərinin, tanınmış siyasi ekspertlərin iştirakı ilə noyabrın 25-də Bakıda, ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda mötəbər beynəlxalq konfrans keçirilib. ADA Universitetində keçirilən Beynəlxalq Konfrans artıq üçüncü dəfədir ki, baş tutrur və çox önəmli mövzuları əhatə edir. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib, ölkə başçısı geniş çıxış edərək bir sıra məqamlara toxunub, region ölkələri və regiondan kənarda olan ölkələr haqqında mühüm mesajlar verib. Bu mühüm tədbirdə ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edib. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu və uzaqgörən siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığının bariz göstəricisidir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.

Respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Azərbaycanda uzun illər ərzində yatırılmış sərmayə və görülmüş işlər nəticəsində dəmir yolları, yol infrastrukturu sahəsində böyük uğurlar əldə olunub. Həm daxili yol infrastrukturu, həm də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ölkəmizin ərazisindən keçən yüklərin də həcmini dəfələrlə artırıb. Bu səbəbdən də Azərbaycan Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırır, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikilir. Dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində bir çox layihələr artıq reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Nəqliyyat – kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanı 15 milyon tondan 25 milyon tona qədər genişləndirilir, hava limanları layihələrinin də tamamlanması prosesi gedir. Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması isə Xəzər dənizinin şərq sahillərindən yüklərin Azərbaycan ərazisindən nəql edilməsinə görə yeni tankerlər, bərələr və yük gəmiləri baxımdan potensialını artırır. Ölkəmizin  Avropa ilə Asiyanın arasında yerləşməsi Orta Dəhliz marşrutunun bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir.  

Hazırda respublikamızdan Rusiya, Gürcüstan, İran sərhədinə kimi magistral yollar uzanır. Eyni zamanda, bu yollar üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub. Bütün bu kimi amillərin nəticəsidir ki, son vaxtlarda Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutların keçməsi Orta Dəhlizdə Azərbaycanın önəmini artıran amillərdən biridir. Orta Dəhliz marşrutu ilə respublikamıza çatan yüklər buradan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər. Azərbaycanın Vətən müharibəsində işğaldan azad etdiyi Şərqi Zəngəzur regionunda dəhlizin inkişaf etdirilməsi perspektivi var. Bu marşrut Naxçıvandan Türkiyəyə və oradan daha geniş coğrafiyaya uzanacaq. Yeni nəqliyyat bağlantısı Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta Dəhlizə inteqrasiya ediləcək. Beləliklə, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz layihəsində önəmi daha da artacaq.