YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılmış, sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənmişdir. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Prezident İlham Əliyev çıxış edərək mühüm məslələrə toxunmuş, mövcud reallıqları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış, region ölkələri və regiondan kənarda olan ölkələr haqqında mühüm mesajlar vermişdir.

Beynəlxalq konfransın daha çox iqtisadi məsələlərlə bağlı müzakirələrə həsr olunmasına baxmayaraq, ancaq ümumi mənada konfrans iştirakçılarının Azərbaycan Prezidentinə ünvanladığı suallarda daha çox siyasi məqamlar özünü büruzə verirdi.

Dövlətimizin başçısı iqtisadi layihələr, həyata keçirilən mühüm tədbirlərə toxunaraq bütün bu proseslərin icrasında önəmli elementlərdən olan sabitliyin əsas amil olduğunu qeyd etdi. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol bilavasitə uğurlu daxili siyasətinin nəticəsi ilə bağlıdır. Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşirik və bu isə bir çox layihələrin gerçəkləşməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin dəqiq və mükəmməl hesablanmış siyasəti nəticəsində ölkəmiz bölgə ilə bağlı bütün böyük layihələrin önündə dayanır. Son vaxtlarda Azərbaycanın birbaşa dəstəyi və rəhbərliyi altında keçirilən beynəlxalq səviyyəli tədbirlər də bunun göstəriciləridir. ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfrans da bu baxımdan böyük əhəmiyyət kəsb etdi. Konfransda Prezident İlham Əliyevin çıxışı və müzakirələr bir sıra mühüm mesajlarla yadda qaldı. Tədbirin və mövzunun aktuallığından bəhs edən dövlətimizin başçısı aparılan müzakirələrin regionun inkişafı və Azərbaycanın planlarının, qarşılıqlı əlaqələrin daha yaxşı nəticələrə töhfə verəcəyini bildirdi.

Tədbirdə dövlətimizin başçısı ölkəmizin İsraildə səfirlik, Fələstində təmsilçilik ofisi açılmasına aydınlıq gətirərək milli maraqlarımıza yönələn bu qərarın hər iki ölkə ilə uzunmüddətli əməkdaşlığı əks etdirdiyini diqqətə çatdırdı və bunun sülh prosesinə xidmət edəcəyinə əminliyini vurğuladı.

Çıxış əsnasında Vətən müharibəsi və onun yaratdığı yeni reallıqlara toxunan cənab Prezident eyni zamanda bir daha ciddi mesajlar verdi. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illuziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Bu qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir. İstər Moskvada, istər Soçidə və ya Brusseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Prezident çıxışında həmçinin Avropa İttifaqının və Şarl Mişelin vasitəçiliyinə toxunaraq Fransanın anti-Azərbaycan fəaliyyəti fonunda rəsmi Parisin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirakının mümkünsüzlüyünü qeyd etdi. Qərəz və kinin, ölkəmizə olan nifrətini açıq-aydın ortaya qoyan Fransa şübhəsiz ki, bu platformada yer ala bilməz. Ən azından Fransanın son vaxtlar nümayiş etdirdiyi mövqeyi bunun bariz nümunəsidir. Halbuki, Fransadan fərqli olaraq keçmiş Minsk qrupunun digər üzvləri kimi Rusiya və Amerika müharibədən sonraki dövrdə Ermənistanın müdafiəçisi kimi tərəf ortaya qoymayıb. Yalnız Fransa beynəlxalq hüququn prinsiplərinə hörmətsizlik nümayiş etdirməklə ədalətsiz yanaşma mövqeyi ilə ölkəmizi hədəf götürüb.

Dövlət başçımızın konfransda çıxışı Azərbaycanın həm daxili, həm də xarici siyasətini tam şəkildə ifadə edirdi. Burada yer alan fikirlər dövlətimizin beynəlxalq arenada qüdrətli mövqeyini nümayiş etdirməklə yanaşı, həm də uğurlu siyasi kursun mükəmməlliyini başlıca olaraq təsdiq edirdi. Prezident İlham Əliyev verilən suallara dəqiq və məzmunlu cavabı ilə bir daha liderlik xüsusiyyətlərini ortaya qoymuş oldu.