YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Konfrans artıq mühüm platformaya çevrilib

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev qalib Azərbaycan dövlətinin yaratdığı yeni reallıqları, eyni zamanda, ölkə həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.Tarixdə qalımış Azərbaycan-Ermənistan münaqişəsi mövzusunda danışarkən ölkə başçısı bildirdi ki, artıq vəziyyət dəyişib. Vəziyyəti dəyişən isə nə beynəlxalq hüquq, nə BMT, nə də Ermənistanın konstruktiv yanaşması oldu. Vəziyyəti dəyişən Azərbaycan Ordusu, xalqımız və dövlətimizin siyasi iradəsi oldu. XXI əsr beynəlxalq münasibətlərinin nəticəsi onu deməyə əsas verir ki, müasir dövrdə ölkələr güclü olmalıdır. Əfsuslar olsun ki, qətnamələrin, bəyanatların, xoş sözlərin heç bir dəyəri yoxdur.

Konfransda Prezident İlham Əliyev din-dövlət məsələlərindən bəhs edərkən qeyd etdi ki, din dövlətdən ayrı olmalı, siyasi həyata müdaxilə etməməlidir. Azərbaycanın regionda müstəqil dövlət kimi üstünlüklərindən və nailiyyətlərindən biri odur ki, ölkədə bütün vətəndaşların dini hisslərinə tam hörmət edilməklə cəmiyyətin dünyəvi mahiyyətinin gücləndirilməsinə nail olunmuşdur. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkədə möhkəm əsaslı multikultural və tolerant mühit yaradılmışdır. Müxtəlif dinlərin, konfessiyaların, mədəniyyətlərin nümayəndələri Azərbaycanda sabitlik şəraitində dinc və yanaşı yaşayırlar. Azərbaycan cəmiyyətinin üstünlüklərindən biri onun çoxmədəniyyətli və çoxmillətli olmasıdır. Hər kəs dini və etnik mənşəyindən asılı olmayaraq, Azərbaycanda özünü rahat hiss edir. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın təxminən 3 min şəhid verdiyini qeyd edən ölkə başçısı onların arasında Azərbaycanda yaşayan bütün etnik qrupların nümayəndələrinin olduğunu bildirdi. Etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Vətən torpağı uğrunda şərəf mübarizəsində yaxından iştirak etmişdir.

Azərbaycanın yüksələn xəttlə inkişaf edən beynəlxalq münasibətləri haqqında danışarkən Prezident İlham Əliyev Türkiyə, Gürcüstan, İtaliya, eləcə də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə olan əlaqələrini xüsusi ilə vurğuladı. Azərbaycan və Türkiyənin qardaş və dost ölkələr olduğunu qeyd edən ölkə başçısı iki ölkənin münasibətləri haqqında günlərlə danışmaq mümükündür, deyə bildirdi.

Gürcüstan da ölkəmizlə strateji tərəfdaşdır. Gürcüstanla münasibətlər xalqlarımız üçün strateji əhəmiyyət kəsb edir. İki ölkə arasında enerji və daşıma layihələri sahəsində yeni imkanlar və birgə əməkdaşlığın çox yaxşı nəticələri vardır. Ölkə başçısı diqqətə çatdırdı ki, Azərbaycan və Gürcüstan üçün əməkdaşlıq coğrafiyasını, Qara dəniz-Xəzər dənizi əlaqəsini, Mərkəzi Asiya-Avropa əlaqəsini nəzərə alaraq, layihələrin icrasında Ermənistansız da keçinmək mümkündür.

Azərbaycan-İtaliya münasibətləri haqqında fikir bildirərkən Prezident İlham Əliyev ölkələrimiz arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalandığını diqqətə çatdırdı. Bu da öz növbəsində Azərbaycan ilə İtaliya arasında yaxın tərəfdaşlığın növbəti əlamətidir.

Konfransda çıxışı zamanı Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əvvəlki illərlə müqayisədə daha fəal dialoqun olduğunu da qeyd etdi. Səmərqənddə keçirilən sonuncu Zirvə Toplantısı bunun bariz təzahürüdür. Ölkə başçısı onu da bildirdi ki, türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə mühüm töhfə olacaq. Coğrafiyaya da nəzər saldıqda görmək olur ki, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması Orta Dəhliz layihəsinə əlavə imkanlar yaradır.

DİGƏR Xəbərlər Arxiv