YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcər erməni vandalizminin əyani nümunəsidir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Artıq iki ildir ki, Kəlbəcər azaddır. 27 il işğal altında qalan Kəlbəcər erməni vandalizminin əyani nümunəsidir. Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub. Ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlər məqsədli şəkildə talan edilib. Bütün bunlarla kifayətlənməyən ermənilər Kəlbəcəri boşaldarkən belə öz vandallıqlarını nümayiş etməkdən utanmadılar. Ağacları kəsdilər, evlərə, meşələrə od vurdular. Bu, əsl ekoloji terrordur.

Qüdrətli Azərbaycan işğaldan azad olunan ərazilərimizi erməni vəhşiliyindən, faşizmindən xilas etdi.  27 il sonra Kəlbəcərin azadlığına qovuşması Azərbaycan üçün həm strateji, həm siyasi, həm də iqtisadi baxımdan böyük qələbədir.

“Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır.” Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 25 noyabr 2020-ci il tarixdə xalqa müraciətində bu faktı da açıqladı ki, Kəlbəcərdə mənfur düşmən digər cinayət də törədib, qanunsuz məskunlaşma aparıb. Həm Ermənistan ərazisindən qanunsuz yollarla orada insanlar məskunlaşıb, həm də xarici ölkələrdən. Bu isə Cenevrə Konvensiyasına görə hərbi cinayət sayılır: “Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan.”

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən 6 gün sonra 16 noyabr 2020-ci ildə Füzuli və Cəbrayıl rayonlarından başlanan ilk səfərləri bütün işğaldan azad edilmiş ərazilərimizdə görüləcək bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaratdı. Kəlbəcərdə də iki ildə görülən işlərin miqyası genişdir. Bu, bir tərəfdən maliyyə imkanlarımızın göstəricisi, digər tərəfdən qurucu xalq olduğumuzun təqdimatıdır. Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Bu rayon həm yeraltı, həm də yerüstü sərvətləri ilə olduqca zəngindir. Rayonun strateji əhəmiyyəti, təbiəti, turizmi və digər özəllikləri gələcəkdə ölkəmizin iqtisadi inkişafına verəcəyi töhfələr barədə aydın təsəvvür yaradır.