YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyasının birliyi xarici siyasətimizin prioritet istiqamətidir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü günümüzün reallıqlarının təqdimatı, türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün aparılan müzakirələrin yekunu  olaraq imzalanan Bəyannamədə əksini tapan müddəaların perspektivləri baxımından tarixə yazıldı. Həm imzalanan Bəyannamə, həm də digər sənədlər əlaqələrimizin  ikitərəfli formada, yaxud  qurum daxilində inkişafına geniş imkanlar açacaq.

Zivə Görüşündə 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən türk dünyasının malik olduğu iqtisadi potensialı, enerji resursları, yol-nəqliyyat infrastrukturu ilə bağlı fikirlərini ifadə edən dövlət başçısı İlham Əliyev bildirdi ki, türk dünyası böyük bir ailədir: “Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.” Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin sərhədlərindən kənarda yaşayan soydaşların hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunmasının vacibliyindən də söz açan Prezident İlham Əliyev uşaqların ana dilində təhsil almalarını tariximizin, milli-mənəvi dəyərlərimizin qorunub, təbliğ edilməsi baxımından vacib amil olduğunu vurğuladı.

Otuz il Ermənistanın işğalı altında qalan torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklər də diqqət göstərilən əsas məsələlər sırasında oldu. Həmin ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib. Dövlət başçısı Ermənistan tərəfindən basdırılmış minalardan 270-ə yaxın Azərbaycan vətəndaşının həlak olmasını və yaxud ciddi zərər görməsini də görüş iştirakçılarının diqqətinə çatdırdı. Zirvə Görüşündə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün hazırlanan “Böyük Qayıdış” proqramının icrası ilə bağlı aparılan bərpa- quruculuq işlərindən də söz açıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş torpaqlara- Şuşaya, Füzuliyə, Zəngilana, Cəbrayıla səfərləri qardaşlıq köməyi kimi dəyərləndirildi. Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəb, Qazaxıstanın inşa edəcəyi yaradıcılıq mərkəzi Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında qardaşlığın təzahürü, türk həmrəyliyinin ifadəsi adlandırıldı. Türk dövlətlərinin başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət edən Prezident İlham Əliyev bu birliyin daha da möhkəmləndirilməsi üçün geniş imkanların mövcudluğunu təsdiqləyir.

Zirvə Görüşündə postmünaqişə dövrünün reallıqlarından olan sülh müqaviləsinin imzlanması istiqamətində Azərbaycanın göstərdiyi səylərdən geniş bəhs edən ölkə Prezidenti qeyd etdi ki, bu ilin oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.

Möhkəm təmələ əsaslanan türk dünyasının birliyi bu gün də  prioritet məsələ kimi öndədir. Prezident İlham Əliyev Türk Dövləri Təşkilatının IX Zirvə Görüşündə bütün türk dünyasını maraqlandıran ən aktual məsələlərdən bəhs etdi.