YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə birliyi işğaldan azad edilmiş ərazilərimizin bərpasında aydın ifadəsini tapır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Son iki ilin qürurverici hadisələrindən biri cənab İlham Əliyevin beynəlxalq qurumların tədbirlərinə qalib Azərbaycanın qalib Prezidenti kimi qatılmasıdır. Azərbaycan həqiqətləri, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin bugünədək həlli prosesinin uzanması səbəbləri diqqətə çatdırılaraq bu məqam böyük qürur hissi ilə qeyd edilir ki,  Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.

Dünya dövlətlərinin, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr 44 günlük İkinci Qarabağ müharibəsinin şanlı Qələbəmizlə başa çatmasında mühüm rol oynadı. Həmin sənədlər təsdiqləyirdi ki, Azərbaycanın işğal altında olan torpaqlarını istənilən yolla azad etməyə haqqı var. 30 il ölkəmiz sülh siyasətinə sadiqlik nümayiş etdirərək danışıqlar prosesinin nəticə verəcəyinə böyük ümid bəslədi. Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr tarixində ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Cənab İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Şurasının IX Zirvə Görüşündəki çıxışında bir daha bu məqamlara diqqət yönəltdi.

“Otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrası həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərimiz “ağıllı şəhər”, “ağıllı kənd” layihələri əsasında müasir tələblər səviyyəsində yenidən qurulur. Dövlət başısı İlham Əliyev Türkiyə şirkətlərinin bu prosesdə fəal iştirakını diqqətə çatdırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə Görüşündəki çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ikinci ildönümü münasibətilə təbriklərini çatdıraraq bildirdi ki, Cənubi Qafqazda sülh prosesi Can Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də kövrək olaraq qalır: “Noyabrın 8-də qeyd etdiyimiz şanlı Qarabağ Zəfərinin ikinci ildönümündə əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. İlham qardaşımızın şəxsində Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq.”

Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı nəhəng layihələrin dünya miqyasında mühüm əhəmiyyətini xüsusi qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğan onu da əlavə etdi ki, Bakı-Tbilisi-Ceyhan neft  kəməri qlobal miqyasda ən uğurlu enerji layihələri arasındadır. Cənub Qaz Dəhlizi isə Avropaya qaz nəql edəcək dördüncü arteriya olaraq layihələndirilib. Onurğa sütununu Trans-Anadolu təbii qaz boru kəmərinin təşkil etdiyi bu dəhliz əlavə qaz tədarükü ilə daha da genişləndirilə bilər. Xəzər hövzəsi bunun üçün ağla ilk gələn mənbədir. Enerji sahəsində Türk Dövlətləri Şurasının nəzdində və ikitərəfli səviyyədə əməkdaşlıqla həyata keçirəcəyimiz ortaq layihələrə bu baxımdan böyük önəm verilir.

Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin fəal iştiakı özündə bütün məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad edilmiş torpaqlarımıza 3 dəfə səfər etdiyini önə çəkərək digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etdi. Türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atılan addımlar öz sözünü deyir.