YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərimiz türk dünyasının birliyində əhəmiyyətli rol oynayır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə hər bir səfəri, beynəlxalq təşkilatların tədbirlərində iştirakı və çıxışı Azərbaycanın işğal dövrü ilə postmünaqişə məhələsinin reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır.

Səmərqənddə keçirilən Tür Dövlətləri Şurasının IX Zirvə Görüşündə Azərbaycan xalqının Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyini önə çəkən dövlət başçısı İlham Əliyev bildirdi ki, iki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.

Otuz illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Cənab İlham Əliyevin bütün çıxışlarında Ermənistanın işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşilikərdən bəhs edilir. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Artıq “Qafqazın Xirosiması”ndan “ağıllı şəhər”ə doğru mühüm addımlar atılır. Ağdam ilk “ağıllı şəhər” olacaq.  Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Dövlət başçısı İlham Əliyev beynəlxalq təşkilatların tribunasından bu məqamları diqqətə çatdırır ki, Ermənistan tarixi və dini abidələrimizi dağıtmaqla bu torpaqlarda Azərbaycan xalqının izlərini silməyə çalışıb. Ermənistan tarixi saxtalaşdırsa da hər zaman fakt qarşısında aciz olub.  Ermənilərin məscidlərimizdə donuz saxlaması bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.

Dövlət başçısı sözügedən çıxışında Ermənistanın işğal zamanı ərazilərimizdə bir milyondan çox mina basdırdıqlarını da xüsusi qeyd edib. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrası həyata keçirilir. Daim Azərbaycanın yanında olan qardaş Türkiyənin şirkətləri bu prosesdə podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub. Dövlət başçısı İlham Əliyev digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etdi. Ölkə Prezidenti işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirdi. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür.

Qısa təhlil əsasında bu qənaətə gələ bilərik ki, türk dünyasının birliyi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Hazırkı mərhələdə, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri dövründə bu birliyin möhkəmliyi özünü daha qabarıq şəkildə büruzə verir.