YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Albaniya münasibətləri yeni mərhələdə

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də Albaniyaya baş  tutan səfəri iki ölkə arasında mövcud əlaqələrin inkişafı üçün zəmin yaradacaq. Albaniya və Azərbaycan arasında kifayət qədər yüksək səviyyəli əlaqələr vardır və bu ölkənin rəsmi şəxslərinin ölkəmizə səfərləri də bunu təsdiq edir. Albaniya hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. İşğal, eləcə də Vətən müharibəsi dövründə Albaniya rəsmləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış ediblər. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimizin sıx əməkdaşlığı vardır. Bütün bu münasibətlərin əsasında Azərbaycan-Albaniya əməkdaşlığı davamlı olaraq güclənir.

Albaniyada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev ölkələrimiz arasında konstruktiv siyasi dialoqun mövcud olmasını qeyd edərək  Albaniya tərəfindən Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi yüksək qiymətləndirdi. Azərbaycan həqiqətlərinə diqqət çəkən ölkə başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir.

Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan və Albaniyanın  TAP layihəsinin üzvləri olduğunu və Cənub Qaz Dəhlizinin icrasında ölkələrimizin çox önəmli rol oynadıqlarını vurğuladı. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər.

Azərbaycan çox zəngin qaz ehtiyatlarına malikdir və bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmış və həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır. Bu əsasda Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Prezident İlham Əliyev bildirdi ki, Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmayıb və Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər.

Bəyanatında Prezident İlham Əliyev Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platformasının olduğunu və alyansa üzv ölkə olaraq Albaniyanın NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək verdiyini diqqətə çatdırdı. Azərbaycan NATO-ya üzv olmasa da mövcud olan sıx əməkdaşlıq platforması əsasında uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib. Ölkəmiz sülhməramlı missiyaya qoşulub və Əfqanıstandan çıxan son iki ölkədən biri olub.