YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səmərqənd Bəyannaməsi türk dünyası birliyinin gələcək inkişafı üçün yol xəritəsidir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Tarixi Zəfərimizin Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında rolu göz qabağındadır. Cari ilin ötən dövründə qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlərin xronologiyasına diqqət yetirdikdə bu məqamı böyük qürurla qeyd edirik ki, Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb və onların qəbulu istiqamətində atdığı addımlar uğurlu nəticələrini verir.

Noyabrın 11-də Özbəkistanda keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü də bu baxımdan diqqətçəkəndir. Zirvə Görüşündəki çıxışlarda Azərbaycanın, dövlət başçısı İlham Əliyevin ünvanına səsləndirilən xoş, səmimi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyində ölkə Prezidentinin nüfuzunun böyük roluna işıq salır. Azərbaycan türk dünyasının birliyinə, həmrəyliyinə davamlı töhfələr verən ölkə kimi tanınır. Bu fikir dövlətimizin başçısı İlham Əliyev tərəfindən daim bildirilir ki, gücümüz birliyimizdədir. Türk dövlətlərinin hər biri digərinin problemini öz problemi kimi qəbul edərək səylərini birləşdirməlidir.

44 günlük İkinci Qarabağ müharibəsində bu birliyin, mənəvi dəstəyin şahidi olduq. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə “Böyük Qayıdış” proqramı çərçivəsində bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı ilk gündən dost ölkələrin bu prosesdə iştirakı ilə bağlı istəyimizi ifadə etdi. Türkiyə şirkətləri bərpa-quruculuq işlərinin fəal iştirakçılarıdır. Cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa və Şərqi Zəngəzura 3 səfərindən bəhs edərək digər türk dövlətlərinin başçılarını da dəvət etdi.

Hər bir Sammit, Zirvə Görüşü müzakirəyə çıxarılan məsələlərin aktuallığı, keçirildiyi məkan baxımından xüsusi diqqət çəkir. Qeyd etdiyimiz kimi, Zirvə Görüşü Özbəkistanda keçirildiyi halda, çıxışlarda Azərbaycanın ünvanına reallığı özündə ehtiva edən xoş sözlərin səsləndirilməsi ölkəmizə, cənab İlham Əliyevə inamın və etimadın göstəricisidir.

Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün yekunu olaraq imzalanan Bəyannamədə türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsinə xidmət edəm müddəalar öz əksini tapır. Belə ki, sənəddə qeyd edilir ki, Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan Türk Dövlətləri Təşkilatının çoxtərəfli çərçivədə əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını, Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər. Tərəflər ümumi maraq kəsb edən təhlükəsizlik məsələləri üzrə sıx əlaqələndirmə və əməkdaşlığı təmin etmək üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlərin hökumətləri və dövlət qurumları arasında müntəzəm olaraq təhlükəsizlik məsləhətləşmələrinin davam etdirilməsi barədə tapşırıq verib, müdafiə sənayesi və hərbi sahədə daha sıx əməkdaşlığa çağırış ediblər. Bəyannamədə əksini tapan mühüm müddəalardan biri də budur ki, dövlət və hökumət başçıları, həmçinin Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən “Özbəkistan-Qırğızıstan-Çin” və “Termiz-Məzar-i-Şərif-Kabil-Pişəvər” dəmir yolu xətlərinin tikintisi üçün üzv dövlətlərin səylərini dəstəkləyiblər.  Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyası turizm paytaxtı” elan edilməsi yüksək qiymətləndirilib. Sənəddə, habelə Türkiyənin Bursa şəhərinin 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi alqışlanıb, şəhərdə təşkil olunan fəaliyyətlərdən məmnunluq bildirilib, eləcə də Şuşanın “2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi yüksək qiymətləndirilib.

Qeyd edilənlər fonunda Azərbaycanın türk dövlətləri ilə həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı daxilində əlaqələrinin yüksələn xətlə inkişafı təsdiqlənir.