YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Bu gün 30 illik yolun yaratdığı reallıq “Yeni müstəqil Azərbaycan uğrunda!” devizini “Biz birlikdə güclüyük!” çağırışının əvəz etməsidir

“Bu ilin noyabr ayı əlamətdar tarixi hadisələrlə, bayramlarla zəngindir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi də bu əlamətdar hadisələr sırasında yer alır.  YAP-ın keçdiyi 30 illik yolu  tarixi Zəfərimizin yaratdığı  reallıqlar fonunda  təhlil edir, partiyanın yeni hədəfləri özündə əks etdirən yeni Proqramı əsasında gələcəyə baxırıq. Bir məqamı da nəzərə alsaq ki,  daim gələcəyə doğru keçmişdə qazandığımız uğurların fonunda addımlayırıq,  bu halda ölkəmizin həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən səbəblərə  qısa nəzər salmaq bir tələbə çevrilir.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları yaddaşlardadır. Ölkəyə rəhbərlik edənlərin bacarıqsızlıqları, siyasi səriştəsizlikləri, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanda xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın geniş vüsət almasına, torpaqlarımızın 20 faizinin  Ermənistan tərəfindən işğalına  səbəb oldu.  Belə bir böhranlı şəraitdə xalqın sabaha olan ümidləri puça çıxırdı. Belə bir çətin  dövrdə 91 nəfər  ziyalı ulu öndər Heydər Əliyevə xalqımızın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini ünvanladı. Müraciətdə bu əminlik ifadə edildi ki, xalqımızı belə çətin vəziyyətdən xilas edəcək yeganə şəxsiyyət Ümummilli Liderdir. Həmin tarixi müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılmasının zamanın tələbi, xalqın istəyi olduğu aydın şəkildə ifadə olunaraq  ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında yeni yaradılacaq partiyanın  əvəzsiz rol oynayacağına böyük inam ifadə olunurdu. Ümummilli lider Heydər Əliyev hər zaman olduğu kimi, yenə də canından artıq sevdiyi Vətəninin xalqının yanında olduğunu müraciətə verdiyi “Yeni müstəqil Azərbaycan uğrunda!” cavabı ilə təsdiqlədi. Ümummilli Liderin ziyalıların müraciətinə cavabında müstəqilliyi qorumağın onu əldə etməkdən nə qədər çətin olduğu əks olunmaqla yanaşı, yeni yaradılacaq partiyanın bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminlik də öz əksini tapmışdı. Beləliklə, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müasir müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, artıq iki ildir tarixi Zəfərimizin sevincini yaşayırıq. Bu sevincin əldə olunması üçün Azərbaycanın keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Bu baxımdan dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, müstəqillik yolumuz tarixi paralellər əsasında təhlil edilməli,  bu yolun heç də hamar olmadığı indiki və gələcək nəsillərə çatdırılmalıdır. Möhtəşəm Zəfərimiz müasir müstəqil Azərbaycan Respublikasının tarixində 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır. Azərbaycan bütün sahələrdə gücləndi, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yarandı, güclü ordumuz formalaşdı, gənclərimiz  milli ruhda tərbiyə olunaraq onlarda torpaq, Vətən sevgisi daha da artdı və 27 sentyabr 2020-ci il tarixdə  “Artıq yetər!” deyib torpaqlarımızı işğaldan azad etmək üçün səfərbər olduq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 gülük müharibədə adını tarixə qalib Sərkərdə,  torpaqlarımızın xilaskarı kimi yazdı. Bu gün bütün tədbirlərə qalib ölkənin qalib Prezidenti kimi qatılan cənab İlham Əliyev işğal və postmünaqişə dövrünün  təhlili əsasında Azərbaycanın ədaləti və beynəlxalq hüququ bərpa edən ölkə olaraq qarşısında böyük imkanlar açdığını əsaslı şəkildə diqqətə çatdırır. Dövlət başçısı İlham Əliyev partiyanın ötən il keçirilən VII qurultayında diqqəti  bu kimi məqamlara yönəltdi. Bildirdi ki, bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranıb.  Biz reallıqları yaradan ölkəyik: “Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, 30 ildə partiyanın Proqramında əksini tapan hədəflərə yüksək səviyyədə nail olunub: “Partiyanın VII qurultayını zəruri edən səbəblərdən biri də məhz bu idi. Dövlət başçısı İlham Əliyev VII qurultayda partiyanın keçdiyi inkişaf yolunun təhlilini verərək yeni dövrlə bağlı  bütün məsələləri özündə əks etdirəcək yeni Proqramın hazırlanması ilə bağlı İdarə Heyətinə tapşırıqlarını verdi. YAP İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə yeni Proqram təsdiqləndi. Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Partiyanın yeni Proqramı beş fəsildən  - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir fəsil sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və s. sahələri əhatə edən bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu partiyaya olan inamını tamamilə doğruldub: “Dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirilən YAP-ın hər bir qurultayında qəbul etdiyi qərarlar, həm ölkəmizin, həm də partiyanın həyatında əhəmiyyətli rola malikdir. VII qurultayın mühüm hadisələrindən biri də  yeni tərkibin formalaşması oldu. Veteranlar Şurası yaradıldı. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin Birinci müavini təyin edildi. Mehriban xanım Əliyevanın həm ulu öndər Heydər Əliyevin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi fəaliyyətinin Azərbaycanın bütün sahələrdə davamlı uğurlarında payı, rolu əvəzsizdir.”

“Ulu öndər Heydər Əliyevin  böyük əminliklə söylədiyi  “Yeni Azərbaycan Partiyası daim yaşayacaq və Azərbaycan vətəndaşlarının istək və arzularını əks etdirən böyük bir təşkilat olacaq” fikirlərinin davamı olaraq dövlət başçısı, YAP Sədri İlham Əliyev bildirir ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün  proseslərin mərkəzində olacaq”, -deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, partiyanın sıralarına daxil olmaq istəklərini ifadə edən vətəndaşlarımızın sayı günbəgün artmaqdadır: “Bu fikri YAP Xətai rayon təşkilatının timsalında aydın ifadə edə bilərəm.  800 minə yaxın üzvü sıralarında birləşdirən YAP-ın cəmiyyətdə zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amillərdən biri də dövlətin siyasətinə dəstəyin, partiyanın gələcəyinə inamın ifadəsi olaraq bütün seçkilərdə qələbə qazanmasıdır. Təbii ki,  30 illik yolu bir yazıda əhatə etmək mümkünsüzdür.  Zəngin ənənələrə malik olan partiyamız bundan sonra da irəli sürdüyü təşəbbüslərlə, qəbul etdiyi qərarlarla Azərbaycan dövlətinin daha da güclənməsinə,  xalqımızın rifahının daha da yüksəlməsinə dəstək olacaq. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə əməli fəaliyyəti ilə təsdiq edir və hədəflərə doğru inamla irəliləyir. Bu gün partiyanın fəaliyyətində “Yeni müstəqil Azərbaycan uğrunda!” devizini “Biz birlikdə güclüyük!” çağırışı əvəz edir. Partiyanın hər bir üzvünə bu uğurlu yolda fəal olmağı arzulayıram.”