Xəbərlər
Əli Həsənov: Prezident İlham Əliyev Riqa Sammitində iştirak edə bilməyəcək
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-22-də Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa Sammitində iştirak edə bilməyəcək.
Əli Həsənov qeyd edib ki, birinci Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığına və bu mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, Azərbaycan Prezidentinin qrafiki həddən artıq sıxlaşıb. Buna görə də dövlətimizin başçısı sammitdə iştirak edə bilməyəcək.
Prezidentin köməkçisi bildirib ki, Riqa Sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər.