YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyev - müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının müəllifi

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra qarşıda duran ilk vəzifələrdən biri dövrün, siyasi-iqtisadi quruluşun tələblərinə uyğun yeni Konstitusiyanın hazırlanması və qəbulu idi. 1991-ci il oktyabr ayının 18-də qəbul edilən "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nda ölkəmizin yeni Konstitusiyasının hazırlanması ilə bağlı müddəa öz əksini tapmışdı.

Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.

Azərbaycanda yeni Konstitusiyanın qəbulu Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. 

1995-ci ildə Azərbaycanda demokratik Konstitusiyanın qəbul olunması təsadüfi hal olmayıb, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin və keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi idi. Bu Konstitusiya ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək dövlətimizin və cəmiyyətimizin inkişaf yollarını, xalqımızın iradəsini özündə əks etdirir.

Ümummilli lider Heydər Əliyev demişdir: "Bu konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətdir".

Prezident İlham Əliyevin  təşəbbüsü ilə Azərbaycan Respublikasının Əsas Qanununa - Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi nəticəsində 2016-cı il sentyabrın 26-da keçirilən  ümumxalq səsverməsi  (referendum)  ölkədə insan hüquq və azadlıqlarının  konstitusiya təminatının daha da gücləndirilməsi, demokratik  təsisatların  fəaliyyətinin və bütövlükdə idarəetmə  sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərmişdir.  Konstitusiyaya təklif olunmuş və ölkə vətəndaşları tərəfindən dəstəklənmiş dəyişikliklər Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasının daha da  möhkəmlənməsinə xidmət edir.

30 ilə yaxın erməni  vandallarının işğalı altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, sərkərdəlik məharəti sayəsində azad olundu, ermənilərə sarsıdıcı zərbələr endirildi. Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək şğaldan azad olmuş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu.