YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Konstitusiyamız dövrün tələblərini özündə əks etdirir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 27 il ötdü. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

Ötən 27 ildə ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlara nəzər salaq. Azərbaycan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, son 19 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir. Ölkəmiz beynəlxalq aləmdə sabitlik diyarı, ən islahatçı ölkə kimi tanınır. Sabitliyin mövcudluğu normal biznes mühitinin yaradılmasına imkanlar yaradır  ki, bu da Azərbaycana investisiya axınını sürətləndirir. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyi təmin edilib. Demokratikləşmə posesi sürətlə həyata keçirilir. İqtisadi və siyasi islahatların vəhdətliyi Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Bu fikri cənab İlham Əliyev daim bildirir ki, dünyada elə ölkələr var ki, iqtisadi inkişafı yüksək səviyyədədir, amma demokratiyanın inkişafından danışmaq mümkün deyil. Elə ölkələr də var ki, demokratik inkişaf yüksəkdir, iqtisadi tərəqqidən danışmaq mümkün deyil. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyi yuksək səviyyədə təmin edilir. Demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Ölkəmizin təkmil inkişaf modeli beynəlxalq səviyyədə təqdir edilir və öyrənilməsinin vacibliyi vurğulanır.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan demokratik, hüquqi dövlətdir, cəmiyyət qanunlarla idarə edilir. Amma bu qanunlarımız da dəyişməz hesab edilmir, daim zamanın, dövrün tələblərinə uyğun olaraq təkmilləşir, yaxud yeni Qanunlar qəbul edilir. Ayrı-ayrı sahələrin inkişafına xidmət edən qanunlardan irəli gələn tələblərin yerinə yetirilməsi hər birimizin vətəndaşlıq borcudur.

Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəldi.

Dövlət hər bir vətəndaşının yanındadır, onların hüquqlarının qorunması üçün zəruri olan bütün addımları atır. Hər bir Azərbaycan vətəndaşı isə qanunlara dönmədən əməl etməli, hər kəsin qanun qarşısında eyni məsuliyyəti daşıdımızı unutmamalıdır. Demokratik, hüquqi döllət kimi qazandığı imicə daim yeni əlavələr  edən Azərbaycan bütün yeniliklərin öyrənilməsində və tətbiqində maraqlıdır. Azərbaycan innovasiyalar ölkəsi kimi tanınır və nüfuz qazanıb.