YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil ölkəmizin Konstitusiyası xalqımızın firavanlığına xidmət edir

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul olmasından 27 il keçir. 1995-ci il noyabrın 12-də keçirilən referendumda xalqımız müstəqil respublikamızın Konstitusiyasının qəbuluna səs verdi. Həmin gün həm də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər keçirildi. Həmçinin ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Müstəqil respublikamızın Konstitusiyasının qəbul edilməsi hər bir vətəndaşın firavanlığının təmin edilməsi, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi demək idi.

Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması idi. Məhz, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlandı və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda müstəqillik, suverenlik, demokratiya, dünyəvilik kimi dəyərlərin daimi və dönməz olduğunu bəyan edən ölkəmizin Əsas Qanunu qəbul edildi.

“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Ulu Öndər Heydər Əliyevin dediyi bu sözlər sübut edir ki, mütərəqqi çağırışlara cavab verən mükəmməl layihənin hazırlanmasında görkəmli dövlət xadiminin siyasi təcrübəsi, müdrikliyi böyük rol oynayıb.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir.

Ümummilli Lider Heydər Əliyev Konstitusiyanın sivil və demokratik ruhlu dəyərləri, baxışları, yanaşmaları, insan hüquqlarını, vətəndaş olaraq vəzifələrimizi təsbit edən mükəmməl məzmunda qəbul edilməsi üçün onun hər bir bölməsinə, maddəsinə, hər bir bəndinə xüsusi diqqətlə yanaşıb. Məhz bunun üçün də, müstəqil respublikamızın Konstitusiyasında dövlətimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək,  vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq,  ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər əsas götürülür. Ən əsası, müstəqil ölkəmizin Konstitusiyada Azəpbaycan vətəndaşlarının bütün hüquqları ən demokratik meyarlara uyğun təsbit olunub. Bu gün qürurla yaşadığımız tarixi Zəfərlərimizin əsası da Konstitusiyamızla bağlıdır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Ana Qanunumuz ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və dövlətimizin əsasları və Azərbaycan vətəndaşlarının bütün hüquqları təsbit olunub.