YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli suverenliyimizin simvolu - Azərbaycan Bayrağı

Azər Süleymanov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Müstəqil Azərbaycanın milli suverenliyinin simvolu olan Bayrağımız insanları vahid məfkurə ətrafında birləşdirərək, qürur mənbəyimizə çevrilib. Ən müqəddəs dövlət rəmzlərdən və özünütəsdiq simvolu olan bayraq bu gün ölkəmizin hər bir məkanında məğrur – məğrur dalğalanır. Milli kimliyimizi sübut edir, milli kimliymizdən danışır. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, "Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir". Zəfər çalmış Azərbaycanın işğaldan azad olunan ərazilərində üçrəngli bayrağımız dalğalanır. Bu gün Azərbaycan bayrağının Qarabağda, Şərqi Zəngəzurda, Şuşada dalğalanması böyük rəmzi məna daşıyır. Biz bu torpaqlara qayıtmışıq, əbədi olaraq əzəli məkanlarımızda yaşayacaq və bayrağımız başımızın üstündə əbədi olaraq dalğalanacaqdır. Ölkəmizdə qürurverici bir haldır ki, 9 Noyabr tarixində Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il Sərəncamı ilə Dövlət Bayrağı Günü ölkəmizdə 9 noyabr tarixində qeyd olunmağa başlandı. Tarixi dövrə nəzər salsaq görərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımızın yüksəklikdə dalğalanmasına sədd qoyulsa da, bu, xalqın təfəkküründə dərin iz salmışdır. Hər kəs bu böyük amalla Azərbaycan bayrağının vətən torpağında dalğalanması arzusu ilə yaşamışdı. Yalnız 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. 1990-cı illərin çətin, ağır günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.

Hər bir vətəndaş Azərbaycan bayrağının mahiyyət və əzəmətini dərindən dərk edərək, onun yüksəklikdə dalğalanması yolunda böyük mücadilə və mübarizələr olduğunu unutmamalıdır. Bu müstəqillik rəmzinin qədrini bilməlidir. Bayrağımızda olan hər bir rəng Azərbaycan xalqına məxsus dəyərləri özündə ehtiva edir. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "türkçülük, islamçılıq və müasirlik" formulunun müəllifi Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Göy rəng Azərbaycan xalqının türk mənşəli olmasını göstərir, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni və inkişaf istəyini ifadə edir. Yaşıl rəng isə islam sivilizasiyasına və islam dininə mənsubluğun göstəricisidir. Demək, bayrağımız üzərindəki hər bir rəng Azərbaycan tarixini ilə sıx bağlıdır. Onun tarixindən, bu günündən danışır. Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Azərbaycan Prezidenti çıxışlarının birində bildirib: "Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan bayrağı xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.