Xəbərlər
Gədəbəy ilk Avropa Oyunlarının məşəl estafetini qəbul etdi
Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı dağlar diyarı Gədəbəy oldu.
Mayın 19-da rayonda əsl bayram əhval-ruhiyyəsi yaşandı. Heydər Əliyev parkının qarşısında minlərlə gədəbəyli toplaşmışdı. Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli rayon idmançısı Nurlan Məmmədov qəbul etdi və 10 idmançı 4 kilometr məsafədə yürüşə başladı. Heydər Əliyev prospekti, Akademik Zərifə Əliyeva və 20 Yanvar küçələrindən keçərək Heydər Əliyev parkına gələn məşəlçilər alqışlarla qarşılandılar. Sonuncu yürüşçü, şahmat üzrə məşqçi Murğuz Süleymanov səhnəyə qalxaraq, məşəli alovlandırdı. Avropa Oyunlarının çırağını 1 saylı şəhər orta məktəbinin XI sinif şagirdi Fidan Əsədullayeva ictimaiyyətə təqdim etdi. Sonra çıraq ilk Avropa Oyunları başa çatanadək saxlanılması üçün mərkəzi mədəniyyət evinə təhvil verildi.
Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş olundu.
Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.