YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üçtərəfli bəyanat: Azərbaycanın diplomatik uğuru

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron təşkilatının sədri

Noyabrın 10-da İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyanatın imzalanmasının iki ili tamam olur. Azərbaycan Ordusunun parlaq qələbəsi nəticəsində imzalanan bəyanat Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan və Rusiya Prezidentləri, Ermənistanın baş naziri arasında imzalanmış bəyanatla Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bəyanatın imzalanmasından ötən iki il ərzində regionda önəmli proseslər baş verib. Belə ki, iki qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalanıb. Eləcə də, Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Eləcə də, Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Bundan əlavə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq.

Mühüm məqamlardan biri də sülh sazişi layihəsinin hazırlanması gündəliyinin müəyyən olunmasıdır: “Prezident İlham Əliyevin oktyabrın 6-da Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanat Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Eləcə də, Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabrda Soçidə imzaladığı Bəyanatda qeyd edilir ki, bütün problemli məsələlər BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır.