YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanlı Zəfər - çoxəsrlik dövlətçilik tariximizin ən əlamətdar hadisəsi və zirvə məqamı

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Artıq ikinci ildir ki, 8 noyabr - Zəfər Gününü qalib dövlətin ləyaqətli vətəndaşları, müzəffər xalqın məğrur nümayəndələri kimi​ qürurla və şərəflə qeyd edirik. Tarixi Zəfərimizlə əlaqədar haqlı olaraq iftixar hissi ilə çox yazılır və danışılır. Bütövlükdə isə, reallıq budur ki:

- 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız şanlı və möhtəşəm qələbə nəinki müstəqillik dövrünün, hətta çoxəsrlik dövlətçilik tariximizin​ ən əlamətdar hadisəsi və zirvə məqamıdır;

- Qələbə qazanmaqla Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin, beynəlxalq hüququn, ən əsası isə, milli qürur və ləyaqətin bərpasına müvəffəq oldu. Ermənistan üçün kapitulyasiya aktı olan, Azərbaycanın qələbəsini isə siyasi-hüquqi müstəvidə təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə regionda yeni bir mərhələ - postmüharibə dövrü başlandı. Azərbaycan 30 ilə yaxın davam edən işğal faktını və münaqişəni öz gücü - qüdrəti ilə aradan qaldırdı, hərbi-siyasi resurslarından səmərəli istifadə edərək problemin həllinə nail oldu. Respublikamız BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etməklə yeni tarix yazdı.​ Bu, həm dünya, həm də BMT tarixində bir ilkdir. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaratdı;

- Azərbaycanın yaratdığı reallıqlar yeni mərhələdə rifah və inkişaf vəd edir.​ Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının inşası, “Ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir. Həmçinin Azərbaycanın sülh təşəbbüsləri, etimad quruculuğu siyasəti Cənubi Qafqazın təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsini şərtləndirir.​

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış​ tarixi Zəfər Azərbaycanı yeni zirvələrə aparır, növbəti möhtəşəm nailiyyətlər və qələbələr üçün etibarlı zəmin yaradır. Dövlətimizin siyasi imkanları, iqtisadi və hərbi gücü, beynəlxalq nüfuzu, xalqımızın sarsılmaz həmrəyliyi yeni hədəflərin reallaşacağına şübhə yeri qoymur.

Bir sözlə, Azərbaycan yeni strateji hədəflərə doğru inamla və əmin addımlarla irəliləyir.​

Azərbaycan xalqının 8 noyabr -​ Zəfər Günü mübarək! Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın Müzəffər Ali Baş Komandan!​

Bayramınız mübarək olsun!